Lənkəranda şəhidlərin xatirəsinə yeni bulaq açılıb
Qəhrəman Azərbaycan əsgərinin dəmir yumruğu ilə erməni ordusunun darmadağın edildiyi müqəddəs Vətən müharibəsinin başlanmasından bir il ötür. Cəmi 44 gün davam etmiş Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Milli Ordumuz misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib ölü sükunətə qərq olmuş şəhər və kəndlərimizə yeni həyat gətirib. Vətən müharibəsində qəhrəmancasına vuruşub düşməni məhv edən igidlərin sırasında lənkəranlı gənclər də xüsusi yer tutub. Vətənə sonsuz məhəbbət, düşmənə dərin nifrət hissi ilə döyüşə atılan bu gənclərdən biri də Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Şıxəlizadə Emil Şahin oğludur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general–mayor Həzi Aslanovun həmyerlisi və davamçısı kimi Şıxəlizadə Emil də Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçərək qəhrəmancasına şəhid olub. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Gərmətük qəsəbəsində adına şəhid bulağı tikilib. Oktyabrın 21-də Emilin şəhidliyinin ildönümündə qəbri ziyarət olunub önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Sonra şəhid bulağının açılış mərasimi keçirilib. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri iştirak ediblər. Açılış zamanı çıxış edən İcra başçısı 44 günlük Vətən müharibəsində lənkəranlı gənclərin göstərdiyi şücaətdən geniş danışaraq onların qəhrəmanlığını əsil vətənpərvərlik məktəbi kimi hər bir gənc üçün örnək olduğunu xüsusi vurğulayıb. Natiq çıxışında Vətən üçün qəhrəman oğullar yetişdirib cəbhəyə yola salmış valideynlərə dərin hörmət və ehtiramını ifadə edib. Şəhidin atası çıxış edib oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirərək övladının əziz xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırıb. Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiya ifa olunub, şerlər söylənilib. Açılış mərasimindən sonra İcra başçısı və qonaqlar şəhid ailəsində olub şəhidin xatirəsinə yaradılmış ev-müzeyi ilə tanış olublar.
Həmin gün İcra başçısı rayonun Boladı kəndində də olub 44 günlük Vətən müharibəsində qəhramancasına şəhid olmuş mayor İbadov Aqşın Nazim oğlunun il mərasimi ilə əlaqədar məzarını ziyarət edib üzərinə tər çiçəklər düzüb ruhuna dualar oxumaqla ehtiramlarını ifadə ediblər. Ziyarət zamanı İcra başçısı şəhidin valideynləri ilə görüşüb söhbət edib və qayğıları ilə maraqlanıb.