HESABAT YIĞINCAQLARINA START VERİLDİ
“Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarına start verilmişdir. İlk hesabat yığıncağı yanvarın 11-də Kərgəlan kəndində keçirilmişdir.
Hesabat yığıncağında Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının və bir sıra xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Əvvəlcə Kərgəlan inzibati ərazi dairəsinin nümayəndəsi Əflatun Əsgərov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi nümayəndəliyin birləşdirdiyi Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə danışmış, ötən ildə ərazidə görülmüş işlər barədə geniş məlumat vermiş, bir sıra çatışmazlıqları diqqətə çatdırmışdır.
Kərgəlan bələdiyyəsinin sədri Rəşid Bayramov 2012-ci ildə bələdiyyənin gördüyü işlər haqqında qısa arayış vermiş, il ərzində ərazidə həyata keçirilmiş abadlıq və səliqə-səhman işlərindən bəhs etmişdir.
Sonra ayrı-ayrı kənd sakinlərindən Elçin Səfərov, Faiq Muradov, Mirzəhüseyn Tağıyev, Səfər Səmədov, Şamməd Kazımov, Reyhanə Sadıxova və Anar Həbiboğlu çıxış etmiş, nümayəndəliyin 2012-ci ildə gördüyü işlərə qənaətbəxş qiymət vermiş, bir sıra təkliflərini irəli sürmüş, qarşıdan gələn Prezident seçkilərində bir nəfər kimi möhtərəm dövlət başçısı İlham Əliyevə səs verəcəklərini əminliklə bildirmişlər.
Hesabat yığıncağında çıxış eən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yenicə yola saldığımız 2012-ci ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlardan, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq nüfuzu xeyli artmışdır.
İcra başçısı daha sonra ötən ildə ölkəmizin ictimai-siyasi, iqtisadi və idman sahəsində qazanılmış uğurlardan danışmış, statistik rəqəmləri diqqətə çatdırmış, son doqquz ildə ölkəmizdə makroiqtisadi inkişafın üç dəfə artmasından bəhs etmiş, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş yeni layihələr və proqramlardan söz açmışdır.
Taleh Qaraşov yola saldığımız ildə möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində Lənkəranda aparılmış genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri barədə də çıxış etmiş, 2013-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə veriləcəyini əminliklə vurğulamışdır.
İcra başçısı çıxışının sonunda oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində demokratik, azad, şəffaf seçkilər yolu ilə əhalinin mütləq əksəriyyətinin doğru seçim edəcəyini, Heydər Əliyev siyasətinə daim sədaqət nümunəsi göstərən lənkəranlıların, o cümlədən ərazidə yaşayan sakinlərin möhtərəm dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə əminliyini ifadə etmişdir.