Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhid ailələrinə və qazilərə yeni mənzillər verildi

21 avqust 2021 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində 45 mənzilli yaşayış binası tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.
Binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
V.Nəsirli vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi. Müharibəni tarixi Zəfərlə başa vuran Azərbaycanda şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi sahəsində də fəal və nümunəvi siyasət həyata keçirilir.
Nazir müavini  bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz  bu kateqoriyadan olanlara təqdim olunur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.Qaraşov tədbirdə çıxış edib bildirib ki, ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbə xalqımızla birlikdə lənkəranlıları da hədsiz sevindirmiş, onların vətən təəssübkeşliyini bir daha gücləndirmişdir. Cənab Prezident İlham Əliyevin çağırışı ilə səfərbər olan lənkəranlı gənclər də bu müharibədə yüksək vətənpərvərlik ruhu ilə iştirak etmiş, düşmənə ağır zərbələr vurmuş,  torpaqlarımızı işğaldan azad ediblər. Onların bir çoxu döyüşlərdə qəhrəmancasına həlak olub, bəziləri ağır yaralanıb qazi olublar. Hər birimiz könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş gənclərimizin tarixi zəfərimizlə başa çatmış vətən müharibəsi döyüşlərində göstərdikləri əsgəri rəşadətindən qürur duyuruq. Dövlətimiz və xalqımız müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini daim əziz tutur, onların ailələrinə və döyüşlərdə ağır yaralanıb əlil olmuş qazilərə qayğı və diqqətini heç vaxtı əsirgəmir. Bu gün istifadəyə verilən bu yaraşıqlı 45 mənzilli yaşayış binası da buna parlaq misaldır. İcra başçısı şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət qayğılarının daim dövlətimizin diqqətində olacağı və vaxtında həll olunacağını diqqətə çatdıraraq onları yeni mənzillər almaları münasibətilə təbrik edib ən xoş arzularını çatdırıb.
Şəhid ailə üzvləri və qazilər çıxış edib onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildiriblər.

Keçidlər