Lənkəran Dövlət Universitetində ali təhsildə informasiya texnologiyalarına həsr edilmiş respublika konfransı keçirilmişdir
Lənkəran Dövlət Universitetində “Ali təhsildə informasiya texnologiyaları” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir iştirakçılarını salamlamış, onun məqsəd və vəzifələrindən danışmışdır.
Plenar iclasında universitetin rektoru professor Asəf İsgəndərov “Ali təhsildə informasiya texnologiyaları” mövzusunda məruzə edərək, bildirdi ki, universitetdə informasiya texnologiyaları Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə inkişaf edir.
Universitetin professorları kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyev, filologiya elmləri doktoru Məsud Məmmədov universitetdə informasiya texnologiyaları istiqamətində görülən işlər haqqında məlumat verdilər.
Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü il fevralın 1-dən imzaladığı Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) bu sahənin inkişafına təkan vermişdir. Göstərildi ki, LDU-da “Elektron tədris məlumat və distant təhsil Mərkəzi” fəaliyyət göstərir. Universitetin qalib olduğu NATO-nun “Universitetin tədris şəbəkəsi” qrantına görə onun bütün bölmələri, binaları vahid şəbəkə şəklində birləşdirilib. Universitet üçün yeni müasir elektron səhifə yaradılmış və o, üç dildə fəaliyyət göstərir. Ali təhsil müəssisəsində “Elektron Universitet” proqramının tətbiqinə başlanmışdır. Elektron təhsil şəbəkəsi tələbələrin, müəllimlərin, elmi işçilərin dünyanın ən qabaqcıl ali məktəbləri ilə əlaqə yaratmağa imkan vermişdir. Onlar şəbəkə vasitəsilə distant təhsil alır, birgə elmi tədqiqat işləri aparırlar. LDU-da informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar İnternet və İNTRANET şəbəkələri, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin müasir kompüterlərə təchiz olunmuş tədris laboratoriyası vardır.
Çıxışlarda deyildi ki, Milli Strategiyanın ümumi strateji xətt kimi müəyyənləşdirilməsi informasiya texnologiyalarının universitetdə geniş tətbiqinə zəmin yaratmışdır. Həmçinin qeyd edildi ki, universitetdə 20 istiqamət üzrə elmi tədqiqatlar aparılır. Müasir tələblərə cavab verən tədris korpusu yenidən qurulmaqla maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmişdir.
Konfrans “Təbiət elmləri”, “Humanitar elmləri”, “İqtisad elmləri” bölmələrində davam etdirildi. “Distant təhsilin metodkası”, “Regional iqtisadiyyatda elektron biznesin formalaşması və onun iqtisadi inkişafa təsiri”, “Universitet təhsil şəbəkəsində işin təşkili”, “Ümumtəhsil məktəblərində kompleks yanaşmanın məzmunu və vəzifələri” və s. mövzularda 104 məruzə dinlənildi.
Ali təhsilin informasiya texnologiyalarından danışan natiqlər elm və təhsil sahəsində qazanılan uğurları Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, onun siyasi məktəbinin yetirməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğuladılar.
İki gun davam edən konfransda respublikanın müxtəlif ali məktəblərinin, rayonun elm, təhsil və mədəniyyət müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.