Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Zəfər qoxulu payızım...

11 dekabr 2020 | 16:00

Bu ilki payız bir özgə payızdır. Əvvəli qan , sonu zəfər qoxulu. Payızın ilk həftəsində yağı düşmənin  daha çox torpaq əldə etmək xülyası ilə  xaincəsinə  torpaqlarımıza növbəti təcavüzü  səbəbindən  fəslin  gəlişini sanki  hiss etmədik. Payız hayında deyildik, məramımız ayrı idi – bu dəfə yağı  düşmənəlayiq olduğu cavabı vermək! Paşinyanın Cıdır düzündəki “Yallı”sı bu millətin qeyrət qanını elə coşdurmuş, səbrini  tarıma elə  çəkmişdi  ki, hamı  səbirsizliklə  intiqam anını gözləyirdi. Və o an payızın ilk həftəsində-sentyabrın 27-də  gəldi! “El gücü, sel gücü”nə dönərək Qarabağı yağı düşmənə dar etdi, Paşinyanın “Qarabağ Ermənistandır.”  arzusunu  ürəyində qoydu.Arzusu kimi ordusu da  44 günlük Vətən müharibəsi dövründə  param- parça oldu yağı düşmənin. Əgər haqq-ədalətə ikili standartlar prizmasından yanaşma  olmasaydı, düşməni qapısınacan qovub hayıfımızı tam alardıq, ötən əsrin 90-cı illərində xalqımıza yaşatdıqlarını bütün ağırlıqları ilə yaşadardıq mənfur ermənilərə...İnanıram  ki, uca tanrı    zamanında  o məqamı da bizlərə verəcək ...
...Dünya məkanında  nə baş verməsindən asılı olmayaraq ,Zaman öz işində, gərdişindədir, fəsillər bir-birini məqamında  əvəzləyir...2020-ci ilin payızının gəlişi ağır olsa da, sonrakı ovqatı  tam bir ayrı oldu,  qələbə xəbərləri bir-birini əvəzlədi, Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında 8 noyabrda tarix yazdı- Şuşa  azad olundu! 2020-ci  ilin payızı Qələbə müjdəli oldu, Azərbaycan tarixinə qızılı-sarılı xətlə yazıldı.S.Vurğunun sətirlərini çevirsək:
Yazıldı tarixə bir qızıl xətlə
2020-ci ilin  qızıl payızı!
44 gün ərzində bizə düşmənü məhv etməyə   imkan verən  2020-ci ilin qızıl  payızı qələbə qoxulu, zəfər sədalıdır. Qarabağ, Laçın, Kəlbəcər, Lənkəran- Azərbaycan! Vətənimin hər guşəsində  zər donlu  payız  bütün fəsillərə meydan oxuyur-ayağı sayalı olduğuna görə!
...Heç bilirsiniz Lənkəranın payızı necə gözəl olur?Tanrı gözəllik və bərəkət süfrəsini bu fəsildə bəxş edir Lənkəranıma.Bağlarda ağacların budaqları  barın ağırlığından yerə yatıb. Bağbanlar deyir ki, sitrus bağlarında heç il bu ilki qədər bol məhsul  olmamışdı. Maşallah! Limon, narıngi, portaxal, kivi, feyxoa - sitrus meyvələrinin xoş iyi ətrafa cənnət rayihəsi bəxş edib.Sapsarı heyvaların, qızılı xurmaların,almaların ağız sulandıran görünüşü, ətri uca xaliqin öz bəndəsinə nə qədər lütfkar olduğunun sübutudur.Yetər ki, şükrünü əsirgəməyəsən...
Payızda dəmirağacların bir özgə hüsnü var.Bu ağac alışdım-yandım parçası kimi işım- işım işıldayır, min rəngə çalır payızın son ayında.Palıdın ağayana duruşu sanki gözəllik tablosudur.Bu ağac həm də tanrının bərəkət payıdır, qozaları ilə bütün meşə canlılarının qış azuqəsini verir.Talış meşələrinin payz görünüşü təbiətin möhtəşəm, ecazkar , füsunkar pannosudur sanki...Hələ  dəmirağaclarından salınmış bağları, parkları demirəm...
Lənkəranda payzının  təsviri sözlə mümkünsüz. Uca yaradan gözəllik adında nə yaradıbsa, hamısından Lənkərana səxavətlə  pay ayırmış , həm də məhz bu fəsildə, payızda.İnşallah ki,  koronovirus pandemiyası tezliklə sona yetər, bu gözəlliklərlə baş-başa qalıb , canlı  seyr edib dadını çıxarmaq imkanınız olacaq. Hələliksə, Lənkəranın payızını əks etdirən fotolara diqqətlə  baxın-  qızılı payızın zəfər qoxusunun ətrini hiss edəcək, duyacaqsınız...Bu qoxuya 30 il idi ki, tamarzı idik...
Zəfər qoxulu payızım, səni çox sevdik!
Esmira İsmayılova
Fotolar Xalid Kərimovundur.

Keçidlər