Lənkəranda şəhidlərin ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib
Dekabrın 4-də olkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsində də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Lənkəran şəhərindəki Böyükbazar məscidində şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə şəhidlərin ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Azan verildikdən sonra dindarlar namaz qılıblar.
Namazdan sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Qəni Axundzadə çıxış edib.
Q.Axundzadə bugünkü anım tədbirinin 44 gün davam edən Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Qələbədə əvəzolunmaz xidmətləri olan şəhidlərin xatirəsinə həsr olunduğunu bildirib:-“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu haqq savaşında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Qazanılan tarixi zəfər münasibətilə cəmiyyətimizin üzvləri xalqımızı, rəşadətli Milli Ordumuzun bütün üzvlərini təbrik edir, əldə edilən xalq-dövlət həmrəyliyini yüksək dəyərləndirir, Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə rəhmət diləyirik...”