İCRA BAŞÇISININ ŞAĞLASER KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun yerlərdə əhali ilə səyyar qəbul-görüşləri davam edir. Növbəti görüş avqustun 10-da Şağlaser kəndində keçirildi. Səyyar qəbul-görüşdə İcra başçısının müavinləri, ŞİH başçısı aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Şağlaser inzibati ərazi dairəsinin nümayəndəsi Səbrəddin Həbibov nümayəndəliyə daxil olan Şağlaser, Cil və Xarxatan kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, ərazidə mövcud olan çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı, ərazidə aparılan abadlıq və quruculuq işləri haqqında danışdı.
Sonra ayrı-ayrı kənd sakinləri bir sıra təkliflər irəli sürdülər.
Şağlaser kənd sakini, şəhid atası Musarza Musayev kənddə köhnə elektrik dirəklərinin dəyişdirilməsi, kəndara yollarının asfaltlaşdırılması təklifi ilə çıxış etdi.
Müəllim Akif Miriyev Şağlaser kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinin plana salınmasını təklif etdi.
Ağsaqqal Qüdrət Şahbazov ərazidə aqrar sahədə infrastrukturun yaxşılaşdırılması – torpağın şumlanması üçün texnikanın vacibliyini, aqrotexniki tədbirləri yerinə yetirmək üçün mütəxəssislərin köməyinə ehtiyacın olduğunu, Cil kəndində elektrik dirəklərinin köhnə olduğunu diqqətə çatdırdı.
Rayon Ağsaqqallar Şurasının üzvü Məmi Nəsirov Xarxatan kəndinin üç kilometrlik əsas yolunun və kənd uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu söylədi. Xarxatan kənd sakini İbrahim Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Lənkəranın sosial-iqtisadi inkişafına daim qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyevə və rayonumuzun çiçəkəlnməsi üçün gərgin əmək sərf edən İcra başçısı Taleh Qaraşova ərazi sakinləri adından minnətdarlıq duyğularını ifadə etdi.
Cil kənd sakini, müəllim Allahverən Qəmbərli respublikamızda, o cümlədən Lənkəranda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinin hamının ürəyincə olduğunu söylədi, Cil kəndində tibb məntəqəsinin köhnə, müasir tələblərə cavab verməyən binada yerləşdiyini İcra başçısının diqqətinə çatdırdı.
Daha sonra ayrı-ayrı sakinlər çıxış edərək həyətyanı torpaq sahəsinə olan ehtiyaclarından, Şağlaser kəndində yeni yaşayış massivində qaz xəttinin olmamasından, həmin ərazidə əlavə transformatora ehtiyacın olduğundan, Xarxatan kəndində kərpic istehsalı sexinin qaz sayğacında problemin olmasından söhbət açdılar.
İcra başçısı Taleh Qaraşov görüş iştirakçılarını diqqətlə dinlədikdən sonra onları ilk növbədə müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi, hamıya ən səmimi və xoş arzularını çatdırdı.
İcra başçısı daha sonra bütün lənkəranlıların Prezident İlham Əliyevin rayonumuza tarixi səfərinin xoş təəssüratları altında yaşadıqlarını vurğuladı. O daha sonra qeyd etdi ki, şəhərimizdə, rayonumuzun qəsəbə və kəndlərində bayram əhval-ruhiyyəsi hökm sürməkdədir. Dövlətimizin başçısı səfər zamanı Lənkəranda aparılan tikinti, abadlıq və quruculuq işlərinə yüksək qiymət verdi.
T.Qaraşov onu da əlavə etdi ki, respublikamızda sosial-iqtisadi sahədə işləri daha da sürətləndirmək məqsədi ilə ciddi layihələr, proqramlar hazırlanıb yerinə yetrilir. 2014-2018-ci illəri əhatə edəcək üçüncü Dövlət Proqramında bütün şəhər və rayon mərkəzləri ilə yanaşı qəsəbə və kəndlərdə də mövcud infrastrukturun yenilənəcəyi nəzərdə tutulmuşdur. İnsan amilinə öz siyasətində mühüm diqqət yetirən dövlətimizin başçısı əhalinin maddi rifah halının durmadan yaxşılaşdırılması üçün mühüm addımlar atır.
İcra başçısı Taleh Qaraşov rayonumuza xüsusi diqqət və qayğı göstərən möhtərəm İlham Əliyevə bütün lənkəranlılar adından dərin minnətdarlığını bildirdi, Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə yeni sərəncamların hazırlandığını vurğuladı.
İcra başçısı sonda bugünkü qəbul-görüş zamanı əhali tərəfindən irəli sürülən təkliflərin yerinə yetirilməsi üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verdi.