LƏNKƏRANDA DAHA 6 YAŞAYIŞ MƏNTƏQƏSİ TƏBİİ QAZLA TƏMİN EDİLDİ
Dekabrın 21-də daha 6 yaşayış məntəqəsi 20 illik fasilədən sonra təbii qazla təmin edildi. Bu münasibətlə bir sıra kəndlərdə rəsmi açılış mərasimləri keçirildi.
ŞÜRÜK KƏNDİNDƏ
“Mavi alov”un açılışı münasibətilə keçirilən mərasimi giriş sözü ilə Şürük inzibati ərazi dairəsinin nümayəndəsi Asif Ağayev açaraq möhtərəm Prezidentimiz İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə və bu işdə zəhməti olanlara ərazidə yaşayan sakinlər adından minnətdarlığını bildirdi.
Kənd sakinlərindən Samid Eyvazov, Sevda Zəkəriyyayeva və Sərhad Hüseynov ürək sözlərini söylədilər, sevinclərini bölüşdülər.
“Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Qağaməli Seyfullayev bu əlamətdar hadisə münasibətilə sakinləri birliyin sədri Əkbər Hacıyevin adından təbrik etdi, təbii qazın onların mənzillərinə həmişə istilik gətirməsini arzuladı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhalini təbrik edərək bildirdi ki, bu sevinci əhaliyə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyevdir. Buna görə sizin hamınızın adından dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm. İcra başçısı daha sonra yola saldığımız 2012-ci ildə respublikamızda bütün sahələrdə inkişafa nail olunduğunu, 2009-2013-cü illərə aid ikinci Dövlət Proqramının uğurla icra edildiyini, gələn ilin sonuna kimi Lənkəranda bütün yaşayış məntəqələrinin təbii qazla təmin ediləcəyini, 2013-cü ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində yeni proqram və layihələrin həyata keçiriləcəyini əminliklə vurğuladı.
Sonda T.Qaraşov və Q.Seyfullayev təbii qazın açılışını bildirən məşəli alovlandırdılar.
***
Dekabrın 21-də Şürük inzibati ərazisinə daxil olan Moğonojoba və Türkəkəran kəndlərinə də mavi alovun verilişi bərpa edildi.
***
SƏPNƏKƏRAN KƏNDİNDƏ
Bu münasibətlə keçirilən mərasimdə inzibati ərazi dairəsinin nümayəndəsi Azad Kazımov, kənd sakinlərindən Surxay Əliyev, Bahar Şabanova və Mirbaba Tahirov çıxış edərək minnətdarlıqlarını bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Qağaməli Seyfullayev sakinləri təbrik etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə təbriklərini söylədi, onlara ən xoş arzularını bildirdi.
İcra başçısı Prezident İlham Əliyevi qarşıdan gələn ad günü münasibətilə bütün lənkəranlılar adından səmimi qəlbdən təbrik etdi, lənkəranlılara dövlət başçımıza həmişə olduğu kimi möhkəm arxa və dayaq olmalarını tövsiyə etdi.
Taleh Qaraşov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə hamını təbrik etdi, onlara xoşbəxtlik və daha firavan həyat arzuladı, yeni ildə daha böyük nailiyyətlərin qazanılacağını əminliklə söylədi.
Sonda T.Qaraşov və Q.Seyfullayev təbii qazın açılışını bildirən məşəli alovlandırdılar.
***
BÜRCƏLİ KƏNDİNDƏ
Dekabrın 21-də Bürcəli kəndində təbii qazın açılışı münasibətilə keçirilən mərasimdə inzibati ərazi dairəsinin nümayəndəsi Faiq Köçəriyev, kənd ziyalısı Seyidəmir Babayev və “Azəriqaz” İB-nin sədr müavini Qağaməli Seyfullayev çıxış edərək ürək sözlərini söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə ərazidə yaşayan sakinləri təbrik etdi, təbii qazın onların mənzillərinə daim istilik, qəlblərinə hərarət gətirməsini arzuladı.
İcra başçısı sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son dörd sərəncamın əhəmiyyətindən danışdı, 2013-cü ildə rayonumuzda ardıcıl tədbirlərin həyata keçiriləcəyini, görülən işlərin daha da sürətləndiriləcəyini əminliklə vurğuladı.
Sonda T.Qaraşov və Q.Seyfullayev təbii qazın açılışını bildirən məşəli alovlandırdılar.
***
DAŞDALIĞJAR KƏNDİNDƏ
Dekabrın 21-də bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Mamusta inzibati ərazi dairəsinin nümayəndəsi Zərbəli Rəhmanov açaraq kəndə təbii qazın verilməsi münasibətilə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, “Azəriqaz” İB-nin rəhbərliyinə və bu işdə zəhməti olanlara minnətdarlığını bildirdi.
Kənd sakinlərindən Əminağa Fərzullayev və Möhübbət Cahangirov əhali adından minnətdarlıq duyğularını ifadə etdilər.
“Azəriqaz” İB-nin sədr müavini Qağaməli Seyfullayev əhalini təbrik etdikdən sonra son 6 ayda Lənkəranın 13 yaşayış məntəqəsinin təbii qazla təmin edildiyini, daha 18 kənddə bu işin davam etdirildiyini söylədi, gələn il də Lənkəran rayonunun 100 faiz qazlaşdırılacağını əminliklə vurğuladı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında ilk növbədə əhalini bu əlamətdar hadisə münasibətilə təbrik etdi, bugünkü tədbirin möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırdı.
İcra başçısı daha sonra qarşıdan gələn 2013-cü ildə rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində işlərin daha da sürətləndiriləcəyini söylədi, gələn ilin sentyabr ayında Daşdalığjar kənd məktəbi üçün yeni binanın istifadəyə veriləcəyini xüsusi qeyd etdi, ərazidə digər infrastruktur layihələrin həyata keçiriləcəyini bildirdi.
Taleh Qaraşov 2012-ci ildə Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun xeyli artdığını, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini diqqətə çatdırdı, bütün bu və digər uğurların ölkə başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu, dövlət büdcəmizin sosial və investisiya yönümlü olduğunu, yeni ildə qarşıda çoxlu vəzifələrin durduğunu xüsusi vurğuladı.
Taleh Qaraşov çıxışının sonunda lənkəranlıların həmişə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaqlarını və Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə ümidvar olduğunu bildirdi, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə səmimi qəlbdən təbrik etdi.
Sonda T.Qaraşov və Q.Seyfullayev təbii qazın açılışını bildirən məşəli alovlandırdılar.