DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ “N” SAYLI HƏRBİ HİSSƏDƏ BAYRAM KONSERTİ KEÇİRİLMİŞDİR
20 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Bayram konserti təşkil edildi. Konsertdən öncə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək rayon rəhbərliyi adından dünya azərbaycanlılarını, hərbçiləri, eləcə də gəncləri Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik etdi, hərbçilərə xidmətlərində müvəffəqiyyətlər arzuladı. Sonra Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov çıxış edərək hərbçiləri salamladı və konsertin təşkil olunmasında yaratdıqları şəraitə görə hərbi hissə rəhbərliyinə təşəkkürünü bildirdi.
Gənclər və İdman Nazirliyi tərəfindən Hərbi hissənin bir qrup zabit, gizir, çavuş və əsgərləri, eləcə də Lənkəran şəhər Gənclər və İdman İdarəsinin işçiləri gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundu. Sonra konsert proqramı açıq elan olundu.
Konsertdə Bakı şəhərindən dəvət olunmuş müxtəlif müsabiqələrin iştirakçısı olmuş gənc müğənnilər, rayonun özfəaliyyət rəqs qrupu, hərbi hissənin istedadlı gəncləri və bir çox yaradıcı və istedadlı gənclər müxtəlif mahnı, şer və rəqs nömrələri ilə çıxış etdilər.
Konsert proqramı müddətində hərbçilər arasında viktorinalar təşkil olundu və qaliblərə Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən bayram hədiyyəsi təqdim olundu.
Sonda hərbi hissəyə və əsgərlərə Gənclər və İdman Nazirliyi tərəfindən televizor, DVD, idman geyimləri, futbol və voleybol topları hədiyyə olundu.