Lənkəran Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim olunub
Sentyabrın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun xəttilə Lənkəran Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimatı olub.Bu münasibətlə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimat zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası istiqamətində görülən tədbirlər sayəsində ölkədə digər sahələrlə yanaşı turizmin inkişafı üçün də geniş imkanların açıldığını və Lənkəranda da bu imkanlardan səmərəli şəkildə istifadəyə səy göstərildiyini, turizm infrastrukturunun sürətlə təkmilləşdirildiyini, yeni obyektlərin tikilib istifadəyə verildiyini, turistlərin cəlb olunmasından ötrü yeni marşrutların müəyyənləşdirildiyini diqqətə çatdırıb. Rayonda turizmin inkişafına təkan verən ehtiyatların çox olduğunu qeyd edən İcra başçısı turistlərin diqqətini cəlb edəcək çoxlu tarixi abidələrin, təbii resursların, xalq sənətkarlığı nümunələrinin, ləziz milli mətbəxin imkanlarının dəyərləndirilməsində, eko-turizm və aqro-turizmin imkanlarından daha səmərəli formada istifadə olunmasında, turistlərə ekzotik təsir bağışlayacaq çəltik, çay və sitrus plantasiyalarına turların təşkilində yeni yaradılan Lənkəran Destinasiya Menecmenti Təşkilatının mühüm rolu olacağını xüsusi vurğulamış və bu regional təşkilatın Lənkəran şəhərində yaradılmasının qəara alınmasına görə təşkilatçılara təşəkkürünü çatdırmışdır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edib regionlarda turizmin inkişaf etdirilməsinin yeni qurumun əsas məqsədləri sırasında olduğunu və agentliyin buna xüsusi önəm verdiyini qeyd edib.
Lənkəran, Astara, Lerik, Masallı kimi rayonların Azərbaycanın ən səfalı turistik yerlərindən biri sayıldığını və turistlərin ən çox üz tutduğu istiqamətlərdən olduğunu qeyd edən agentlik sədri ölkə üzrə turizmin proporsional inkişafında cənub bölgəsinin əhəmiyyətinin böyük olduğunu qeyd edərək 3-cü Destinasiya Menecmenti Təşkilatının Lənkəranda yaradılmasının heç də təsadüfi olmadığını diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bu növ idarəetmə modeli ilə fəaliyyət göstərən təşkilatların yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulmasına, eləcə də insan resurslarının inkişaf etdirilməsinə xidmət etdiyini söyləyib.
O qeyd edib ki, Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcəklər.