İCRA BAŞÇISININ ŞOVU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü dekabrın 20-də Şovu kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Şovu kənd inzibati ərazi dairəsinin nümayəndəsi Fərhad Bayramov əraziyə daxil olan Şovu, Təngivan və Siyablı kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, mövcud problemləri İcra başçısının diqqətinə çatdırdı.
Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov ərazidə aparılan abadlıq və səliqə-səhman işləri haqqında danışdı.
Ayrı-ayrı kənd sakinlərindən Balaxan Əmirov Siyablı kəndinin 1 kilometrlik yoluna asfalt çəkilməsini, Nadir Məmmədov ərazidə poçt şöbəsinin olmadığını, İmran Məmmədov ərazidə içməli su probleminin olduğunu, Şamil Qurbanov Aşağı Təngivan kəndində işıq dirəklərinin yararsız vəziyyətə düşdüyünü, ərazidə bankomata ehtiyacın olduğunu İcra başçısının diqqətinə çatdırdılar.
Sonra ayrı-ayrı sakinlər bir sıra şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Şovu kənd məktəbinin təsviri incəsənət müəllimi Ramazan Ağayev özünün əl işi olan təbiət təsviri tablosunu Taleh Qaraşova hədiyyə etdi.
Görüşdə yekun nitqi söyləyən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar qəbul-görüşlər İcra Aparatının fəaliyyətində mühüm yer tutur. Çünki, möhtərəm dövlət başçımız özü mütəmadi olaraq bölgələrə səfər edir, bir müddət keçəndən sonra yenidən həmin yerlərə gedir, verdiyi tapşırıqların və tövsiyələrin icrasını yerindəcə yoxlayır.
2013-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən İcra başçısı yola saldığımız ildə qazanılan nailiyyətlərin və uğurların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğuladı. 2012-ci ildə Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini söyləyən İcra başçısı iqtisadiyyatımızın dinamik inkişaf etdiyini qeyd etdi. 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya İdman Oyunlarının keçiriləcəyini fərəhlə qeyd edən Taleh Qaraşov bütün bu nailiyyətlərin cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin bəhrələri olduğunu bildirdi. Azərbaycanda çox güclü potensialın, ölkəmizin regionda söz sahibi olduğunu diqqətə çatdıran İcra başçısı yeni ildə də bu siyasətin uğurla davam etdirilməsi üçün birgə səylərlə çalışmağın zəruriliyini vurğuladı.
T.Qaraşov 2013-cü ildə Lənkəranda da yeni proqram və layihələrin həyata keçiriləcəyini, yol infrastrukturunun yenilənəcəyini, yeni təhsil, səhiyyə, mədəniyyət və bir sıra sosial obyektlərin inşa ediləcəyini, 2013-cü ilin sıçrayış ili olacağını, həyatımızın bütün sahələrində irəliləyişə nail olunacağını əminliklə bildirdi.
İcra başçısı sonda “Azərbaycan 2020 – gələcəyə baxış” adlı yeni proqramın hazırlandığını və yeni layihələrin xalqımızın daha firavan yaşayışını təmin edəcəyini əminliklə diqqətə çatdırdı.
Sonda Taleh Qaraşov bugünkü görüş zamanı irəli sürülən bir sıra təkliflərin operativ həll edilməsi üçün müvafiq tapşırıqlarını verdi.