Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verilib

11 avqust 2020 | 16:00

       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları və əlilliyi olan şəxslər iştirak ediblər.
       Çıxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. 2019-cu ilin axırlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini və onların hər birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.
        Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev çıxışında vurğulayıb ki, pandemiya dövründə belə mühüm əhəmiyyətli obyektin tikilərək istifadəyə verilməsi böyük nailiyyətdir. Bu, bir daha onu göstərir ki, dövlətimiz ən çətin şəraitdə də öz vətəndaşının yanındadır, onun problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəmir.
        Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
        Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.
        Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.

Keçidlər