LƏNKƏRANDA REGİONAL KONFRANS
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurası ilə birgə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində regional konfrans keçirdi.
Konfransın işində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran rayonlarında fəaliyyət göstərən qəzetlərin redaktorları, bölgə müxbirləri, KİV-lərin nümayəndələri ilə yanaşı Lənkəranın hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələrin sədrləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.16.bəndinə əsasən İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələr haqqında danışdı, Lənkəranda KİV nümayəndələri üçün informasiya almaq hüququnun səmərəli təmin edilməsi istiqamətində görülmüş işlərdən söz açdı.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli layihə çərçivəsində görülmüş işlər barədə məlumat verdi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və MŞ-nın sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək regional konfransın əhəmiyyətindən danışdılar, belə tədbirlərin KİV nümayəndələrinin maarifləndirilməsi sahəsində rolunu xüsusi qeyd etdilər.
Daha sonra “Müstəqil Elmi Praktik Hüquq Mərkəzi”nin direktoru KİVDF-nin eksperti Aydın Kərimovun “İnformasiya əldə etmək haqqında” qanunvericilik və insan haqları” mövzusunda məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə ayrı-ayrı qəzet redaktorları, bölgə müxbirləri çıxış edərək rəy və mülahizələrini söylədilər, bir sıra təkliflər irəli sürdülər.