Lənkəranda sahibkarlığın inkişafına güclü dəstək verilir
Ölkədə sahibkarlığın inkişafı ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da səylə əməl olunur, investorlara əlverişli şərait yaradılaraq layihələrinin icrasına dəstək verilir. Göstərilən qayğıdan ruhlanan sahibkarlar rayonun iqtisadi sferasına həvəslə investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açırlar. Belə layihələrdən biri də cənub bölgəsində analoqu olmayan qənnadı fabrikinin tikintisidir. Yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi “NUR”ASC tərəfindən Lənkəran şəhərində general Fikrət Məmmədov küçəsində tikilən fabrik ən müasir texnologiya ilə qənnadi məhsulları istehsal edəcək. Layihə dəyəri 4 milyon manat təşkil edən fabrik üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5000 kv/m olan 4 mərtəbəli bina tikilib. Binanın birinci mərtəbəsi və zirzəmi anbar və saxlama kameraları üçün nəzərdə tutulacaq. İkinci və üçüncü mərtəbələr istehsalat sahəsi və 500 kv/m sahəni əhatə edən dördüncü mərtəbədə inzibati otaqlar yerləşəcəkdir. Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunacaq fabrikin illik istehsal gücü 1500-1800 ton olacaq. Fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək maaşlı daimi işlə təmin olunacaqdır. Artıq fabrikin qarşısındakı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri görülür.