Lənkəranda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri davam etdirilir
Lənkəran şəhərində və rayon ərazisində movcud olan çoxmənzilli yaşayış binaları istismar müddəti ərzində heç vaxtı əsaslı təmir olunmadığından möhkəmliyi zəifləyərək qəzalı vəziyyətə düşmüş, dam örtükləri isə tamamilə sıradan çıxmışdır. İcra başçısının səyyar qəbul-görüşlərində, fərdi və ya kollektiv müraciətlərdə sakinlər bu barədə tez-tez məsələ qaldırır və köməklik olunmasını xahiş edirdilər. Problemin ciddiliyini nəzərə alan Lənkəran ŞİH başçısı Taleh Qaraşov aidiyyəti dövlət orqanlarına müraciət edərək bu mühüm sosial əhəmiyyətli məsələnin həllindən ötrü hökumət səviyyəsində müvafiq tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. Ətraflı araşdırma və mütəxəssis rəylərindən sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsait hesabına 2015-ci ildən başlayaraq şəhərdə və rayon ərazisində qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarının mərhələli şəkildə əsaslı təmiri və dam örtüklərinin yenilənməsinə başlanılıb. Artıq 15 çoxmənzilli binada bərkitmə-möhkəmləndirmə işləri görülüb, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, dam örtükləri başdanbaşa dəyişdirilib, pilləkən qəfəsləri və fasadlar təmir olunaraq yenidən rənglənib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq qəzalı vəziyyətdə olan binalarda təmir-bərpa işləri bu gün də sürətlə davam etdirilir. Bu günlərdə Nizami küçəsi 88, 90, 92 saylı binalarda bərkitmə və izolyasiya işləri başa çatdırılıb, kanalizasiya sistemləri yenidən qurulub, fasadlarda suvaqlanma işləri tamamlanıb, mənzillərin köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəz olunub. Hazırda sözügedən binaların bloklarında pilləkən qəfəsləri və fasadlar təmir olunur, binada rənglənmə işləri aparılır. Binaların giriş hissələrində isə yeni dəmir qapılar qoyulacaq.
Son illərdə Ümumilikdə 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün yeni bina tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb. 2020-ci ildə isə daha 3 qəzalı vəziyyətdə olan binada təmir, bərpa-gücləndirmə işləri bu günlərdə başa çatdırılacaq, 2 qəzalı vəziyyətdə olan çoxmənzilli binada işlərə başlanılacaq.
Qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarında aparılan təmir-bərpa işlərini müntəzəm olaraq diqqətdə saxlayan İcra başçısı T.Qaraşov 8 iyun 2020-ci il tarixdə növbəti dəfə Nizami küçəsindəki 88, 90 və 92 saylı binalara baş çəkərək görülən işlərlə yerindəcə tanış olub. Binaların qarşısında sakinlərlə təmas məsafəsində fərdi söhbət aparan İcra başçısı görülən bütün işlərin ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin olunması və maddi-rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial siyasətinin bəhrəsi olduğunu və bu siyasətin ölkə başçısının fəaliyyətinin əsasını təşkil etdiyini bir daha onların diqqətinə çatdırıb. Söhbət zamanı sakinlər müraciətlərinə həssaslıqla baxılmasına, onlara göstərilən diqqət və qayğıya, eyni zamanda koronavirus pandemiyası günlərində karantin şəraitində evdə qalan, müəyyən ehtiyac hiss edən ayrı-ayrı şəxslərə, imtiyazlı ailələrə verilən maddi və mənəvi dəstəyə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. İcra başçısı bir daha sakinlərə pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyi tövsiyə edib.