Lənkəranda çayçılıq yeni inkişaf dövrünü yaşayır
Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri, gözəl təbiəti və təbii ehtiyatları ilə şöhrət qazanıb. Sevindirici haldır ki, ölkə Prezidentinin davamlı diqqəti və qayğısı ilə bu gözəl ənənə bu gün də davam edir, göstərilən sahələr üzrə rayonda yüksək nəticələr əldə olunur. Çayçılıq subtropik zonada yerləşən Lənkəranda kənd təsərrüfatının prioritet istiqamətlərindəndir. Burada çayçılığın inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən çayçılıq təsərrüfatları mövcud imkanlardan bacarıqla istifadə edərək bu gəlirli sahənin inkişafı üçün əməli işlər görürlər. Xüsusilə, Prezident İlham Əliyevin 2017-ci ilin sentyabr ayının 2-3-də Lənkərana səfəri və bu səfər zamanı keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin yekunları çayçılığın inkişafına güclü təkan verib. Cənab Prezidentin müşavirədəki proqram xarakterli nitqi və kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısının daha da artması bu sahəyə yeni, işgüzar yanaşma formalaşdırıb. Nəticədə rayon iqtisadiyyatında mühüm yer tutan çay yenidən Lənkəranın simvolu kimi səslənməyə və ona şöhrət gətirməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş 2018-2027-cı illər üçün çayçılığın inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı rayonda lazımi təşkilati tədbirlər həyata keçirilir, ilk növbədə çayçılığın inkişafı ilə bağlı təşəbbüslər şəhər İcra hakimiyyəti tərəfindən dəstəklənir, yayılmasına əlverişli şərait yaradılır. Nəticədə çay istehsalçılarında işə güclü həvəs yaranır, qabaqcıl texnologiyalar tətbiq etməklə çay istehsalının artırılması istiqamətində işlər getdikcə sürətlənir. Çay plantasiyalarının hər hektarına görə fermerlərə 700 manat subsidiyanın ödənilməsi çaybecərən sahibkarlarda əlavə stimul yaradıb. Nəticədə rayonda çay plantasiyaları genişləndirilərək 641 hektara çatdırılıb. Bunun da 483 hektarı son illərdə salınmış yeni çay plantasiyalarıdır.
Rayonun qabaqcıl çayçılıq təsərrüfatlarından olan İstisu qəsəbəsindəki "Yaşıl çay” fermer təsərrüfatında 70 hektarda yüksək məhsuldarlığı ilə seçilən "Kolxida” sortlu çay plantasiyaları salınıb. Təsərrüfatda mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunduğundan məhsuldarlıq da yüksək olur. Yığılan çay yarpağı təsərrüfatın mini çay fabrikində emal olunaraq "Premium gold” adlı əla növ quru çay istehsal olunur. Təsərrüfatda çay yarpağı intensiv üsulla may ayından sentyabradək hər gün yığılır. Yerli bazarda çayın satış qiyməti 8-100 manat arasında dəyişir. Burada məqsəd, ilk növbədə, yerli bazarı çayla təmin etmək olsa da, artıq xarici ölkələrdən də sifarişlər daxil olur. Hazırda yığımına başlanılmış “Kolxida” sortlu çay yarpağından alınan "Premium gold” çayının xarici bazarda qiyməti 500-2000 manat arasında olur. Bu çay yarpaqları səhər saat 6-da gün işığı düşməmiş yığılır və xüsusi texnologiya ilə emal olunur. Çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində 2027-ci ilədək təsərrüfatda çay plantasiyalarının sahəsinin 120 hektara çatdırılması planlaşdırır. Burada çay əkinin əsasən yapon texnologiyası ilə aparılması məhsuldarlığa müsbət təsiri göstərir. May ayının 1-dən “Yaşıl çay” fermer təsərrüfatı ilə yanaşı rayonun “Astara Çay” MMC, “Beta” MMC, “Fərman çay” MMC, “Tüado çay” MMC, “Gilan Orchards" MMC, “Ayna” MMC və Lənkəran Çay Elmi Təcrübə bazası kimi ixtisaslaşmış çayçılıq təsərrüfatlarının plantasiyalarından da çay yarpağı yığımına başlanıb. Artıq 200 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı istehsal olunaraq fabriklərə təhvil verilib. Çay yarpağı yığımı sentyabr ayına qədər davam edəcəkdir.