Lənkəranda sitrus meyvəçiliyinə diqqət artıb.
Ölkə Prezidentinin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalı məsələlərinə diqqətin artırılması Lənkəran rayonunda sitrus bitkiləri əkini ilə məşğul olan kənd əməkçilərini də xeyli həvəsləndirib. Xüsusi karantin rejiminə baxmayaraq kənd əməkçilərinin əl-ayağı bir gün də olsa, işdən soyumayıb. Kənd təsərrüfatı məhsullarının istehsalı onlar üçün prioritet məsələlərdən birinə çevrilib. Torpaq adamları becərdikləri məhsulları karantin rejimi dövründə bazara çıxarmaqda heç bir məhdudiyyətlə qarşılaşmırlar.
Hazırda rayonda yaz-tarla işlərinin qızğın çağıdır. Ötən il qazandıqları uğurlardan ruhlanan rayon sakinləri bu gün böyük ruh yüksəkliyi ilə sahələrə çıxaraq daha yüksək göstəricilər əldə etmək uğrunda mübarizə aparırlar.
Sitrus meyvəçiliyi çox gəlirliyi sahə olduğundan rayonun təsərrüfat subyektlərində limon, naringi, kivi, apelsin, kinkan, feyxoa və digər subtropik sitrus bitkiləri əkini geniş vüsət alıb. 2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Cənubi Koreyadan gətirilərək Lənkəranda yetişdirilməyə başlanmış “Hallobonq” sortlu sitrus meyvə bağlarının sahəsi artıq 100 hektara çatdırılıb. Müxtəlif vitaminlərlə zəngin olan bu meyvə insan sağlamlığı üçün çox faydalıdır. Eyni zamanda bu məhsulun ətirli keyfiyyətləri parfümerya sənayesi üçün yararlıdır. Hazırda dağətəyi ərazilərdə terras üsulu ilə subtropik bitkilərdən ibarət yeni plantasiyaların salınması üçün müvafiq işlər davam etdirilir. Rayonun Separadi kəndi ərazisində “Fruit Garden” MMC tərəfindən 150 hektar istifadəsiz torpaq sahəsində müasir texnologiya əsasında Tükiyədən gətirilmiş məhsuldar sitrus ağaclarından ibarət yeni bağlar salınıb. Bağlarda damcı üsulu ilə müasir suvarma şəbəkəsi və ölkədə ilk dəfə olaraq şaxtanın təsirini azaldan “Donqoruyucu Pərvanə” mexanizmi quraşdırılıb. Təsərrüfatda intensiv aqrotexniki tədbirlər və becərmə işləri həyata keçirilir. Rayonda fermerlərə və fərdi sahibkarlara məxsus 1434 hektar sitrus və suptropik meyvə bağları var. Bu bağlarda 2700 nəfərdən çox kənd əməkçisi çalışır. Hazırda sitrus bağlarında mövsumla bağlı aqro-texniki qulluq işləri və zərərverici həşarətlərə qarşı mübarizə tədbirləri davam etdirilir, suvarma sistemləri sazlanır. Keçən təsərrüfat ilində sitrus bağlarından ümumilikdə 14341 ton məhsul yığılaraq ölkədaxili və xarici bazarlara çıxarılıb. Ötən il şəhər İcra hakimiyyəti və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş üçüncü ənənəvi çay, çəltik, sitirus festivalında nümayiş etdirilən subtropik və sitrus məhsullarının içərisində yerli fermerlərin yetişdirdiyi hallobonq, naringi, limon, kivi, apelsin, feyxoa, kinkan, greypfrut, digər sirtus məhsulları və onlardan hazırlanmış təbii sərinləşdirici içkilər, sok, jem və mürəbbələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Sitrus meyvəçiliyi sahəsində əldə olunan nailiyyətlər bu gəlirli sahənin daha uğurlu gələcəyindən xəbər verir.