İCRA BAŞÇISININ QURUMBA KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü dekabrın 13-də Qurumba kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qurumba inzibati ərazi dairəsinin nümayəndəsi Babakişi Əkbərov və Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov əraziyə daxil olan Qurumba və Narbağı kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdilər, ərazidə görülmüş səliqə-səhman və abadlıq işlərindən söz açdılar, mövcud çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdılar.
Ağsaqqallardan Kərim Nəhmətov, Ağakişi Babakişiyev, Qasım Şahverdiyev çıxış edərək ərazidə ümumiyyətlə, sovetlər dönəmində də heç vaxt təbii qazın olmadığını söylədilər, hazırda hər iki kəndə qaz xəttinin çəkildiyini sevinclə bildirdilər, bu təqdirəlayiq iş üçün ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova xüsusi minnətdarlıq etdilər.
Müəllim Abbas Babayev rayonumuzda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işlərinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirdi, Taleh müəllimin əhalinin maraqlarına xidmət etdiyini xüsusi vurğuladı və sonda Qurumba kənd məktəbinin köhnə binada yerləşdiyini, yeni məktəb binasına ehtiyacın olduğunu diqqətə çatdırdı.
Ələddin Həsənov 1968-ci ildə Narbağı kəndində salınmış bulağın ərazisinin təmir edilməsini xahiş etdi.
Sonra ayrı-ayrı vətəndaşlar bir sıra şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yekun nitqində bildirdi ki, dünən Azərbaycan xalqı Ümummilli və əbədi Liderimiz Heydər Əliyevin anım mərasimini böyük ehtiramla qeyd etdi. Bu gün biz rahat, firavan yaşadığımıza görə ilk növbədə Ulu Öndərə borcluyuq. Azərbaycan hazırda sürətli, dinamik inkişaf yolundadır. Ulu Öndərin təməlini qoyduğu bu siyasəti hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev sürətlə və uğurla davam etdirir. Dünyanın bir sıra dövlətlərini bürümüş iqtisadi böhranlara baxmayaraq Azərbaycanda inflyasiya çox aşağı səviyyədədir. Ölkəmizin problemləri sürətlə aradan qaldırılır, respublika əhalisinin rifah halının yaxşılaşdırılması üçün mühüm proqramlar və layihələr icra edilir. Azərbaycanda heç zaman təbii qazı olmayan yaşayış məntəqələrimiz mavi yanacaqla təmin edilir, ən ucqar dağ kəndlərinə yollar çəkilir, küçələrə asfalt döşənir. Bu, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin gündən-günə artmasından xəbər verir.
Taleh Qaraşov daha sonra ilk dəfə təsis edilən Avropa idman oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini fərəh hissi ilə bildirdi və bu münasibətlə cənab Prezident İlham Əliyevin Azərbaycan xalqını təbrik etdiyini söylədi.
İcra başçısı son 9 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalının on dəfə artdığını statistik rəqəmlərlə təhlil etdi, hər bir Azərbaycan vətəndaşının ölkə başçısının ətrafında sıx birləşdiyini vurğuladı.
Taleh Qaraşov lənkəranlıların da həmişə Ulu Öndərimizin ideyalarına daim sadiq olduqlarını, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəklədiklərini diqqətə çatdırdı. İnsanların maraqlarının həmişə diqqət mərkəzində saxlanıldığını, bu əsrarəngiz təbiət qoynunda yaşayan əhalinin hüquqlarının daim müdafiə olunacağını əminliklə söylədi.
İcra başçısı sonda Narbağı kəndində bulağın bərpa edilməsinin operativ həll edilməsi üçün müvafiq tapşırıqlarını verdi, digər problemlərin tezliklə həllini tapacağını söylədi, ərazidə ən qısa zamanda təbii qazın açılışının həyata keçiriləcəyini bildirdi.