İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhərdə karantin rejiminin vəziyyəti ilə tanış olublar
Mayın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra hakimiyyəti aparatı nəzdindəki operativ qərargahın üzvləri koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaradılmış karantin rejiminin vəziyyəti ilə yerində tanış olmaq məqsədilə şəhərin müxtəlif ərazilərinə baş çəkiblər.
Sakinlərlə görüşündə İcra başçısı T.Qaraşov mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən söz açaraq, dövlətimizin səyləri ilə koronavirus xəstəliyinin ölkəmizdə minimuma enririlməsi üçün bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırıb. Cənab Prezident bir daha bəyan edib ki, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da vəziyyəti nəzarət altında saxlaya biləcəyik. Çünki burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər.
İcra başçısı bildirib ki, respublikamızın bir sıra rayonlarında karantin rejimi ləğv olunsa da, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran üçün xüsusi rejim təyin olunub. Cənab Prezidentin də vurğuladığı kimi, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Ona görə də hər bir sakindən karantin rejiminin tələblərinə maksimum riayət etmək, şəxsi gigiyena qaydalarını gözləmək tələb olunur. Xəstəliyin statistikasının minimal səviyyəyə düşməyəcəyi təqdirdə şəhər və rayon ərazisində karantin rejiminin sərtləşdirilməsi istisna deyil.
Görüş zamanı İcra başçısı Taleh Qaraşovun söylədikləri sakinlər tərəfindən müsbət qarşılanıb. Onlar koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışlayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.
Əhali ilə görüşlər zamanı 1000-dən çox maska hədiyyə olunub.