Lənkəranda həssas qrupa aid insanlara könüllü yardımlar davam etdirilir
Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin qaydalarına Lənkəran rayonunda da ciddi əməl olunur. Həm dövlət orqanları, həm də əhali tərəfindən məsələnin ciddiliyi nəzərə alınaraq qarşılıqlı anlaşma şəraitində qarşıya qoyulan tələblərə tam riayət olunur. Xüsusilə zəruri ehtiyac olmadığı vaxtlarda sakinlərin evlərini tərk etməmələri ilə bağlı izahat-təbliğat işləri aparılır. Zəruri ehtiyaca görə icazəli formada banklara və digər təşkilatlara müraciət edən vətəndaşların kütləvi təmasının qarşısının alınmasından ötrü növbəlilik və qoruyucu-dizenfeksiya qaydaları gözlənilir. Pandemiya dövründə həssas qrupa aid ailələrə diqqət və qayğı göstərilməsi, xüsusilə ərzaq paylarının verilməsi ilə bağlı şəhər İcra hakimiyyətinin təşəbbüsü ayrı-ayrı sahibkarlar tərəfindən geniş dəstəklənir. Bu günlərdə daha bir neçə sahibkar tərəfindən aztəminatlı ailələrə ərzaq yardımları verilmiş, bəzi sakinlərin kommunal məsələlərlə bağlı xahişləri yerinə yetirilmişdir. Eyni zamanda Respublika Həmkarlar İttifaqı Kanfedrasiyasının xətti ilə də ehtiyaclı ailələrə ərzaq payları verilmişdir.