Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsi davam edir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Lənkəran Şəhər İcra Hakimiyyəti və rayondakı idarə və təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi davam etdirilməkdədir.
Ümumilikdə indiyə kimi şəhər və rayonun müxtəlif ərazilərində yaşayan 2000 aztəminatlı ailəyə daxili imlanlar hesabına ərzaq yardımları çatdırılb.
Xeyirxah təşəbbüsə sahibkarlarla yanaşı Lənkərandan olan millət vəkilləri də qoşulublar. Belə ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Rüfət Quliyevin şəxsi vəsaiti hesabına 150 aztəminatlı ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları paylanılıb. Eyni zamanda “Green East” MMC tərəfindən də yenidən 50 aztəminatlı ailəyə cəmi 100 ailəyə ərzaq bağlamaları verilib.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, xeyriyyə kampaniyasının bütün iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şəhər İcra Hakimiyyəti, rayonun idarə və təşkilatları, ayrı-ayrı iş adamları tərəfindən imkansız ailələrə könüllü şəkildə yardımların göstərilməsi bundan sonra da davam etdiriləcək.