Vətəndaşların nəzərinə!
Respublika ərazisində COVİD-19 koronavirus pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilmişdir. Rejimin tətbiqi dövründə vətəndaşlar daha çox evlərində vaxt keçirirlər. Bu səbəbdən də enerji daşıyıcılarına tələbatdan istifadə halları çoxalmışdır. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakı zəruri bilgiləri nəzərinizə çatdırırıq:
1. Elektrik xətlərini və uzadıcılarını həddindən artıq yükləmək təhlükəlidir.
2. Qeyri-standart elektrik qızdırıcılarının istismar olunması qadağandlr və istifadəsi yanğın hadisələrinin baş verməsinə səbəb olur.
3. Sonluqları izolə edilməmiş elektrik naqillərini və məftilləri gərginlik altında saxlamaq yanğın təhlükəsi yaradır.
4. Elektrik lövhələrinə müdaxilə yolverilməzdir. Təmir işlərinə ehtiyac yaranarsa, mütəxəssislərə müraciət edin.
5. Elektrik qızdırıcılarını pərdə və digər yanar materialların yanında yerləşdirmə yanğın təhlükəsi yaradır.
6. Yatarkən, yaxud evi tərk edərkən məişət cihazlarını şəbəkədən ayırın.
7. Yanan qaz sobasını nəzarətsiz qoymayın.
8. Qaz sobalarının üzərində paltar qurutmaq, digər yanar materialdan olan əşyaları sobanın yaxınlığında yerləşdirmək yanğın təhlükəsi yaradır.
9. Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq olmalı, mənzili tərk etdikdə isə qaz cihazlarının nəzarətsiz qalmaması üçün mütləq söndürülməlidir.
10. Yaşadığınız ünvanda yanğın və digər fövqəladə hadisələr baş verən zaman iri qabaritli yanğınsöndürmə texnikalarının və digər xüsusi təyinatlı avtomobillərin binaya sərbəst yaxınlaşması, həmçinin yanğın su hovuzlarından və hidrantlarından hadisə vaxtı istifadəyə məhdudiyyət yaratmaması məqsədilə avtomobilinizi əsas yollarda və keçidlərdə saxlamayın.
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir
Təhlükə zamanı 112-yə zəng edin
Fövqəladə Hallar Nazirliyi
Dövlət Yanğın Nəzarəti Xidməti