Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirilib
Lənkəranda koronavirusla mübarizə tədbirləri gündən-günə geniş vüsət almaqdadır. Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə, eləcə də Lənkəran Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi qrafikə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin əməkdaşlarından əlavə Rayon Mənzil İstismarı və Kommunal Müəssisələri, Yaşıllaşdırma və Mənzil Təsərrüfatı idarələrinin əməkdaşları kütləvi dizenfeksiya işlərinə cəlb olunublar. Onların birgə səyləri ilə şəhərin prospekt, küçə və xiyabanları, səkiləri, park və meydanları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri mütəmadi xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya olunur. Eyni zamanda şəhərin prospekt və küçələri xüsusi ayrılmış maşınlarla yuyularaq dezinfeksiya olunur.
Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.
Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.
Qeyd edək ki, Lənkəranda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.