LƏNKƏRANDA ULU ÖNDƏRİN XATİRƏSİ ANILDI
Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatından 9 il keçir. İllər bu əzəmətli şəxsiyyəti zaman baxımından uzaqlaşdırsa da, o, ruhən həmişə bizimlədir.
Ürəyi daim xalq üçün, vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Təsadüfi deyil ki, dekabrın 12-də respublikamızda Ümummilli Liderin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi. Bu, Lənkəranda da daha qabarıq hiss olunurdu.
Lənkəran Şəhər Icra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət etdi və büstün önünə təzə-tər qərənfillər qoydu.
İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının, səhiyyə müəssisələrinin işçiləri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri büstün önünə gül dəstələri düzdülər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar ümumrayon toplantısı keçirildi.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə geniş məruzə etdi. Natiq bildirdi ki, Azərbaycan tarixinə qurucu, islahatçı rəhbər kimi daxil olan Heydər Əliyevin 1969-cu ildə siyasi rəhbərliyə gəlişi ilə respublikanın dirçəliş, sürətli inkişaf dövrü başlanmışdır. Ölkə qısa zaman ərzində inkişaf, tərəqqi yoluna qədəm qoymuşdur. Kənd təsərrüfatı, sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, təsərrüfatın bütün sahələrində misli görünməmiş nailiyyətlər əldə olunmuşdur.
İcra başçısı daha sonra qeyd etdi ki, bu müdrik şəxsiyyətin yüksək diqqəti, gündəlik qayğısı sayəsində o illərdə Lənkəran da çox sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək qələbələr qazanılmışdır. Məhz Ümummilli Liderin təşəbbüsü və gərgin səyi nəticəsində ötən əsrin 70-80-ci illərində Lənkəranda çoxlu sayda sosial obyektlər, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Keçmiş ittifaqın müxtəlif şəhərlərinə tərəvəz, sitrus meyvələri, sənaye məhsulları yola salan Lənkəran “ümumittifaq bostan”ı adlandırılmış, respublikada güclü iqtisadi və mədəni potensiala malik mərkəzlərdən birinə çevrilmişdir.
İcra başçısı məruzəsində daha sonra əlavə etdi ki, 1993-cü ildə Azərbaycan ən ağır, məşəqqətli günlərini yaşayırdı. Məhz Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev zəkası, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi.
Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin Lənkərana tarixi səfərlərindən söz açdı, bu gözəl, əsrarəngiz, bərəkətli diyara, burada yaşayan zəhmətkeş insanlara dərin hörmət və ehtiram bəslədiyini xüsusi vurğuladı.
Məruzəçi sonra Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən bəhs etdi, regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının uğurla icra edilməsindən, dövlət başçımızın Lənkəran rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son sərəncamların əhəmiyyətindən söz açdı, o cümlədən Lənkəran rayonunun gündən-günə çiçəklənməsindən, hazırda rayonumuzda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışdı.
Məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, Prezident təqaüdçüsü Mirhaşım Talışlı, YAP-ın Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev və Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva çıxış edərək ürək sözlərini bildirdilər.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirildi.
Toplantını yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov xüsusi vurğuladı ki, illər, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, lakin Ulu Öndər Heydər Əliyev Azərbaycanda əbədi yaşayacaqdır!
Həmin gün Kiçik Bazar məscidində ŞİH-nin təşkilatçılığı ilə ehsan verildi.