Lənkəranın İcra başçısı kənddə səyyar görüş-qəbul keçirib
25 fevral 2020-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Qrumba kəndində səyyar görüş-qəbul keçirib. İcra hakimiyyəti rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçən görüş-qəbulda sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə diqqətlə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyən edilib. Görüş-qəbuldan məmnun olan sakinlər vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə və qaldırdırılan məsələlərin həll olunması ilə bağlı vaxtında görülən tədbirlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq səsləndiriblər. Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, Ələt-Astara magistral avtomobil yolunun istifadəyə verilməsi, Lənkəran-Lerik magistral avtomobil yolunun başdan başa yenidən asfaltlanması, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı, pensiya və müavinətlərin artırılması dövlətin vətəndaşlara əvəzsiz qayğısı kimi dəyərləndirilib. Qeyd olunub ki, ötən təsərrüfat ilində dövlət qayğısı hesabına kənd təsərrüfatı məhsulları istehsalçıları uğurlu nəticələr qazanıblar, əkin dövriyyəsinə cəlb olunan torpaqların həcmi genişlənib, fərdi təsərrüfatlarda iribuynuzlu və xırda buynuzlu mal-qaranın, arı ailələrinin sayı əvvəlki illərə nisbətən çoxalıb, fərdi təsərrüfatların gəlirləri artıb. Görüş-qəbulun sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.