HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ DƏYİRMİ MASA
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəçiliyində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirildi. Ulu öndərin xatirəsinə həsr olunan 10 günlük tədbirlər proqramı çərçivəsində təşkil edilən tədbirə rayonun dövlət və qeyri dövlət sektorunda fəaliyyət göstərən fəal gənclər qatılmışdı.
Dəyirimi masanı Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq əvvəlcə mərkəzin fəaliyyət prinsipi, sonra mövzu haqqında iştirakçılara məlumat verdi.
Sonra Gənclər və İdman idarəsinin əməkdaşı Məhəmməd Abasquliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə həyata keçirilən gənclər siyasəti haqqında danışdı. O bildirdi ki, Ümummilli Liderin hakimiyyətə ikinci qayıdışından sonra ölkə vətəndaşlarının həyat şəraitinin, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməyə başlandı. Bu mənada cəmiyyətin bir təbəqəsi kimi gənclərə də dövlət qayğısı artdı. Azərbaycan gəncinin daha yaxşı yetişməsi üçün xüsusi dövlət proqramları həyata keçirildi. Gənclərin dövrün tələblərinə uyğun təhsil alması, beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunması üçün geniş imkanlar yaradıldı.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi.
Lənkəran Rayon Məhkəməsinin böyük məsləhətçisi Zaur Qasımov, Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Hüseyn Fətullayev, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, Heydər Əliyev Mərkəzinin elmi-işçisi Qadir Kazımov, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini Samir Salayev və digərləri Heydər Əliyevin apardığı gənclər siyasəti və nəticələri haqqında danışdılar. Çıxış edənlər bildirdilər ki, bu gün Azərbaycan gəncinin dövrün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, Heydər Əliyevin başlatdığı və hazırda ölkəmizin başçısı cənab İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasət isə əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. Ümummilli Liderimiz həmişə gənclərə böyük ümidlər bəsləyər və qeyd edərdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri kimi hesab edər, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirər, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verər, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiamətlərindən biri kimi dəyərləndirərdi. Məhz buna görədir ki, müasir Azərbaycan gənci istər şəxsi, istərsə də ictimai-siyasi həyatda qazandığı bütün uğurlara görə xalqın böyük oğlu Heydər Əliyevə borcludur.
Dəyirmi masanı yekunlaşdıran S.Şəfiyeva bir daha gəncləri dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmaq məqsədi ilə binanın daxilində gəzinti təşkil edildi. İştirakçılara mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi, gənclər üçün nəzərdə tutulan müxtəlif xarakterli xidmətlər, elektron kitabxana və digərləri haqqında məlumat verildi.