Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbiri keçirildi
18 Yanvar 2020-ci il tarixdə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Regional Mədəniyyət İdarəsinin, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “20 Yanvar - Qürur və İftixar günümüz” adlı anım tədbiri keçirilmişdir. Tədbir çəçivəsində ilk öncə yeniyetmə və gənclərin Qanlı Yanvar hadisələri ilə bağlı rəsm əsərlərinin sərgisinə baxış keçirilmişdir. Sonra tədbir Mərkəzin akt zalında davam etmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq, tədbir iştirakçılarını salamlamış, Qanlı Yanvar hadisələri, xalqımızın başına gətirilən müsibətlər və Azərbaycan xalqının qəhrəman oğul və qızlarının azadlıq yolu uğrunda verdiyi haqq mücadiləsi haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. O, qeyd etmişdir ki, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Daha sonra çıxış edənlər: Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev öz çıxışlarında bildirdilər ki, 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanması və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törətdi, günahsız insanları qətlə yetirdi. Çıxışlarda həmçinin o da vurğulandı ki, 20 Yanvar-Ümumxalq Hüzn Günü Azərbaycan xalqının başına sovet hökuməti tərəfindən gətirilmiş ən dəhşətli faciələrdən biri olmaqla bərəbər, həm də həmin Qanlı Yanvar hadisələrində şəhid olmuş qəhrəman oğul və qızlarımızın Azərbaycan xalqına bəxş etdiyi müstəqillik və azadlıq səhifəsidir. Çıxışlardan sonra məktəblilərin, tələbələrin Qanlı Yanvar hadisələri haqqında hazırladıqları əbədi-bədii kompazisiyalar, həmin hadisələri canlandıran müxtəlif səhnələr nümayiş olundu. Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin istedadlı üzvləri nominasiyalar üzrə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin həvəsləndirici diplomları ilə mükafatlandırıldı və Azərbaycanın qəhrəman övladlarının 30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olundu.