Lənkəranın Viravul kəndində səyyar qəbul keçirilib
26 dekabr 2019-cu il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Viravul kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. Şəhər İcra hakimiyyətinin rəsmi şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul zamanı vətəndaşların müraciətləri həssaslıqla dinlənilərək qaldırılan məsələlər aidiyyəti təşkilatların rəsmiləri ilə birgə yerindəcə araşdırılıb və həlli ilə bağlı konkret tədbirlər müəyyən edilib. Səyyar qəbuldan razılıqlarını bildirən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları problem məsələlərin həll olunmasından, xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə qəzalı vəziyyətdə olan Viravul kənd 2 saylı tam orta məktəbi üçün ən müasir tələblərə cavab verən yeni məktəb binasının tikilməsindən, intensiv yağışlar zamanı subasmaya məruz qalan ərazilərdə kanal və kollektorların lil çöküntülərindən təmizlənməsindən məmnunluq ifadə edərək ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib. Qeyd olunub ki, kənddə aqrar sahədə yüksək nəticələr qazanılıb, təsərrüfatlarda cari ildə 185 hektarda taxıl, 280 hektarda tərəvəz, 32 hektarda kartof, 57 hektarda bostan bitkiləri, 72 hektarda çəltik əkilib, 183 kq barama yetişdirilib, fərdi təsərrüfatlarda iribuynuzlu malqaranın sayı 3075-ə, xırda buynuzluların sayı 1150-ə, arı ailələrinin sayı isə 665-ə çatdırılıb. Bildirilib ki, ailə təsərrüfatlarında əldə olunan yüksək gəlir inzibati ərazi dairəsində yaşayan kənd sakinlərinin maddi vəziyyətini xeyli yaxşılaşdırıb, mədəni quruculuq işlərinin aparılmasına geniş imkanlar yaradıb.İcra başçısı səyyar qəbul-görüşü yekunlaşdıraraq vətəndaşlar tərəfindən qaldırılan məsələlərin daim diqqətdə saxlanılması və həllindən ötrü lazımi tədbirlərin görülməsinin vacibliyini bir daha diqqətinə çatdırıb.