HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ DƏYİRMİ MASA
Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dövlət siyasətində gender məsələsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Ümummilli Liderin xatirəsinə həsr olunan 10 günlük tədbirlər proqramına əsasən keçirilən görüşdə rayonda müxtəlif sahələr üzrə məsul vəzifələrdə çalışan fəal ziyalı qadınlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə insan hüquqlarının müdafiəsi, xüsusən də gender bərabərliyinin qorunması sahəsində görülən işlərdən, Heydər Əliyevin bu məsələyə şəxsən xüsusi diqqət göstərməsindən danışmışdır. O bildirmişdir ki, məhz xalqın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə qadınların hüquq bərabərliyi istiqamətində məqsədyönlü işlər aparılmış və azərbaycan qadınına əks cinsin nümayəndələri ilə eyni hüquqların tanınması təmin edilmişdir.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etmişdir.
Rəmziyyə Şiriyeva Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra, ölkədə həyata keçirilən gender siyasəti və onun uğurlu nəticələri haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, şəxsən Heydər Əliyevin təşəbbüsü ilə gender məsələsi dövlətin diqqət mərkəzində saxlanılmış, onun həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə cəmiyyətdə qısa müddətdə gender zorakılığı hallarının qarşısının alınmasına nail olunmuş, kişilərlə yanaşı qadınlar üçün də bərabər hüquqlar təmin edilmiş, qadınların işdə irəli çəkilməsinə, rəhbər vəzifələrdə təmsil olunmaq imkanlarının genişləndirilməsinə başlanmışdır.
Sonra Ofeliya Cəfərova, Həlimə Axundova, Elduzə Əhmədova, Lidya Qriqoriyevna, Kəsirə Həsənova və digərləri Ulu Öndərlə bağlı xatirələrindən, Heydər Əliyevin zərif cinsin nümayəndələrinə qarşı olan həssas diqqət və qayğısından, bu xüsusiyyətinin dövlət idarəçiliyində təcəssümündən danışmış, məhz bu ali və qayğıkeş xüsusiyyətlərinə görə Azərbaycan qadınının rəğbətini qazandığını vurğulamışlar.
Tədbiri S.Şəfiyeva yekunlaşdıraraq iştirakçıları bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və qarşıdan gələn prezident seçkilərində ona səs verməyə çağırmışdır.