Lənkəranda bir gündə 2000 ağac əkilib
Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.
Bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.
Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.
Dekabrın 6-da isə rayonda ağacəkmə kampaniyası keçirilib. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələrinin ümumilikdə 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən kompaniya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağaclar əkilib.