Lənkəranın Ləj kəndində səyyar qəbul keçirilib
13 noyabr 2019-cu il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul görüşünü rayonun Ləj kəndinin sakinləri ilə keçirib. İcra başçısı aparatının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilmiş və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Səyyar qəbul-görüşdən razılıq edən kənd sakinləri onların əvvəlki müraciətlərinə vaxtında baxılmasına, qaldırdıqları məsələlərin yerindəcə araşdırılmasına və problemlərin həllinə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, kənd evlərinin başdanbaşa qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik və rabitə xətlərinin təmir olunması, kəndin mərkəzi ilə axan, tez-tez subasmalara səbəb olan Ləkər çayının və suaxar kanalların lil çöküntülərindən təmizlənməsi onlara narahatlıq yaradan problemlərin həlli kimi sakinləri məmnun edir. Ərazidən keçən Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi hesabına Ləj kənd sakinlərinin də Bakı və ölkənin digər şəhərləri ilə əlaqələrinin qurulmasında operativliyin və rahat gediş-gəlişin təmin olunması dövlətin vətəndaşlarına davamlı diqqəti və qayğısı kimi dəyərləndirilib. Ərazidə kənd təsərrüfatı məhsulları istehsalının da artdığı, bunun nəticəsində əhalinin gəlirlərinin çoxaldığı diqqətə çatdırılıb.İcra başçısı görüşü yekunlaşdıraraq irəli sürülən təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.