İCRA BAŞÇISININ ŞİLAVAR KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəi səyyar qəbul-görüşünü dekabrın 5-də Şilavar kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının və bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə Şilavar inzibati ərazi dairəsinin nümayəndəsi Natiq Babayev açaraq bildirdi ki, ərazi Şilavar və Digah kəndlərini əhatə edir. Əhalinin sayı 5 min 90 nəfərdən ibarətdir. 2005-ci ildə əraziyə təbii qaz verilmişdir. Hazırda 740 abonent mavi yanacaqdan istifadə edir. Bu il 15 sentyabr Bilik Günündə Şilavar kənd orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmişdir.
Ərazi nümayəndəsi daha sonra aparılan səliqə-səhman və abadlıq işləri barədə danışdı, bir sıra problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra Şilavar bələdiyyəsinin sədri Malik Fərzullayevin məlumatı dinlənildi.
Ayrı-ayrı kənd sakinləri çıxış edərək bir sıra arzu və təkliflərini bildirdilər.
Digah kənd sakini, şəhid anası Rəfiqə Qafarova Bakı-Astara magistral yolunun Digah kəndi ərazisində sahibkar Elyar Cəfərovun inşa etdirdiyi şəhid oğlunun adına olan bulağın ətrafında səliqə-səhman yaratmağın zəruriliyini vurğuladı.
Təqaüdçü-müəllim Canağa İmanov çıxışında bu il istifadəyə verilmiş Şilavar kənd orta məktəbinin yeni binasına görə sakinlər adından minnətdarlıq etdi, əraziyə su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar qazılmış asfaltın təmirə ehtiyacı olduğunu bildirdi, 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ərazidə yaşayan sakinlərin bütünlüklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini əminliklə söylədi.
Digah kənd sakini Bahadır Məmmədov suyu axıtmaq üçün kəndara kanalların yenidən qazılmasının vacibliyini diqqətə çatdırdı.
Möhübbət Qafarov üç il bundan əvvəl istifadəyə verilən Digah kənd orta məktəbinin akt və idman zalının, həmçinin istilik sisteminin olmadığını söylədi, məktəbin döşəməsinin bərbad vəziyyətdə olduğunu, yeni yaşayış massivində təbii qaz xəttinin, Digahda həkim ambulatoriyası binasının olmadığını xüsusi vurğuladı.
Şəhid atası İslam Kərimov Digah məktəbinin ərazisinin hasara alınmadığını söylədi.
Sahibkar Elyar Cəfərov çıxışında heyvandarlığın inkişaf etdirilməsi üçün onlara verilən güzəştlərdən səmərəli istifadə etdiyini bildirdi.
Sonra ayrı-ayrı vətəndaşlar şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov qeyd etdi ki, cənab Prezidentin xüsusi tapşırığına əsasən yerlərdə əhalinin problemlərini öyrənib tədbirlər görmək, əhali ilə daim təmasda olmaq bizim ən ümdə vəzifələrimizdəndir. Sentyabrın 15-də bu yaraşıqlı, müasir tələblərə cavab verən məktəb binasının açılışında iştirak etdik. Bura respublikada yeganə ərazidir ki, Smart Kart sayğacları artıq quraşdırılmışdır. Bu, yeni yaşayış massivində də həyata keçiriləcəkdir. 2005-ci ildə əraziyə təbii qaz verilişi bərpa edilsə də yeni yaşayış məntəqələri hələlik qazlaşdırılmamışdır. Ərazi tezliklə tam olaraq mavi yanacaqla təmin ediləcək. Su-kanalizasiya xəttinin çəkilişləri layihəsinin bu ərazidə də həyata keçirilməsi sevindirici haldır. Rayonumuzda bu iş sürətlə icra edilir. Lənkəran şəhərində və şəhərətrafı 7 kənddə su-kanalizasiya sisteminin yenidən qurulması həyata keçirilir.
İcra başçısı həmçinin qarşıdan gələn ildə lənkəranlıların həmişə olduğu kimi bu dəfə də prezident seçkilərində yenidən fəallıq göstərəcəyinə əminliyini vurğuladı, rayonumuzda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işlərindən söz açdı.
T.Qaraşov bütün bu və digər işlərin möhtərəm dövlət başçımızın Lənkərana və lənkəranlılara olan sevgisinin əyani sübutu olduğunu fərəhlə diqqətə çatdırdı.
İcra başçısı sonda bugünkü görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin zaman-zaman öz həllini tapacağını əminliklə vurğuladı, bir sıra operativ məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.