Lənkəranda möhtəşəm bayraq yürüşü.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti, Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilib. Bayram yürüşünə rayon rəsmiləri, yüzlərlə tələbə, müəllim, lənkəranlı gənc qatılıb. Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən “Bayraq yürüşü” şəhərin Heydər Əliyev prospektinin girəcəyindən start götürüb. Üç rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər 4 km-lik məsafədə yürüş edib.Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi “Qarabağ Azərbaycandır-Nida! şüarı yürüş boyu səsləndirilib. İzdihamlı yürüşü vətənpərvərlik ruhunda mahnılar müşayiət edib. Üç rəngli Azərbaycan bayrağının əzəmətlə dalğalandığı bayram yürüşündə iştirakçılar varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.Yürüş iştirakçıları əminliklə bildiriblər ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi, mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Bayraq yürüşü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında musiqili bayram proqramı ilə yekunlaşıb. Tələbələrin milli vətənpərvərlik ruhunda təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.