Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirildi

08 noyabr 2019 | 16:00

8 noyabr 2019-cu il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının  45 illiyi münasibətilə Lənkəran şəhərində onun xatirə günü keçirilib. Xatirə günü qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında büstünün ziyarəti ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ŞİH-nın rəsmiləri, Əsgər Əliyevlə birgə 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında iştirak etmiş döyüşçü yoldaşları, N saylı hərbi hissənin əsgərləri, “Milli Qəhrəmanları Tanıdım” İctimai Birliyinin üzvləri və  ictimaiyyətin nümayəndələri büstün önünə tər çiçəklər düzərək qəhrəmanın xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir “Dəniz” otelin ziyafət zalında süfrə stolu ətrafında davam edib. “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev tədbiri açıb qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışmış və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında göstərdiyi şücaətindən və qəhrəmancasına həlak olmasından bəhs edib.
Sonra  qəhrəmanın döyüş yoldaşları general-mayor Fəxrəddin Cəbrayılov, polkovnik Cabbar Hüseynov, polkovnik Bəhram Əhmədov çıxış edib Əsgər Əliyevlə bağlı xatirələrini söyləyiblər. Milli Qəhrəman bacısı Fəranə Alıyeva, Milli Qəhrəman qardaşı Ədalət Məhərrəmov, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Əbulfət Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəhrəmanın qohumu, rayon Əmək Müfəttişliyinin rəisi, şair Etibar Vəliyev çıxış edib respublikanın ərazi bütövlüyü uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından razılıq ifadə ediblər.
Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa ediblər.
Sonda Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxış edib övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, Əsgər Əliyevin xatirəsinin daim əziz tutulduğu üçün ölkə Prezidentinə və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıq duyğularını ifadə edib.
Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində doğulub.  1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbirstanlığında dəfn olunub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb

.

Keçidlər