LƏNKƏRANDA QANVERMƏ AKSİYASI KEÇİRİLİR
Son illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə aparılan davamlı izahat və maarifləndirmə işləri sayəsində rayonda keçirilən dini tədbirlər, o cümlədən məhərrəmlik mərasimləri mütəşəkkilliyi və “Dini Etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunluğu ilə seçilir. Artıq Aşura günü ilə əlaqədar xeyriyyə məqsədli könüllü qanvermə aksiyasının keçirilməsi ənənə halını alıb. Sentyabrın 9-da şəhərin Böyük Bazar məscidində Qafqaz Müsəlmanları İdarəsinin və Mərkəzi Qan Bankının Lənkəran bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyasına start verilib.
QMİ-nin Qazilər Şurasının üzvü Qəni Axundzadənin sözlərinə görə, səhər saat 9.00-dan başlayaraq şəhər sakinləri, əmək kollektivlərinin nümayəndələri, dini mərasim iştirakçıları mütəşəkkilliklə xüsusi olaraq ayrılmış və bütün zəruri avadanlıqlarla təchiz edilmiş otağa gəlib ixtisaslı həkimlərin nəzarəti altında könüllü qan verirlər. Dini mərasim iştirakçıları, ziyarətçilər bu xeyriyyə tədbirində iştirak etməkdən, xəstə insanlara yardımçı olmaqdan şərəf duyurlar.
Aksiya zamanı toplanan qan laboratoriya şəraitində standartlara uyğunluğu yoxlanıldıqdan sonra hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan şəxslərin müalicəsinə sərf olunacaqdır.
Qanvermə aksiyası sentyabrın 10-da da davam edəcəkdir.