İcra başçısı Haftoni qəsəbəsində səyyar qəbul keçirib
Lənkəran ŞİH başçısı Taleh Qaraşov sentyabrın 4-də rayonun Haftoni qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirib. İcra aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən qəbul görüşdə qəsəbə sakinlərinin müraciətləri dinlənilib, irəli sürdükləri təkliflər və qaldırdıqları məsələlər yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Sakinlər qəbul-görüşdən razılıqlarını bildirməklə əvvəllki qəbullarda qaldırdıqları məsələlərin həlli ilə bağlı görülmüş işləri yüksək qiymətləndiriblər. Onlar ümumilikdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən, yeni yol layihələrinin həyata keçirilməsindən, digər mədəni quruculuq işlərindən razılıq ifadə ediblər və yaşadıqları Haftoni qəsəbəsi ərazinin də sürətlə inkişaf edib beynəlxalq turizm mərkəzinə çevrilməsini, ərazidən keçən Ələt-Astara magistral yolunun istifadəyə verilməsini, qəsəbədə dünya səviyyəli İstisu Müalicə Mərkəzinin açılmasını, burada yerli sakinlərin, xüsusilə qadınların yüksək maaşlı işlə təmin olunmasını, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbədə 627 şagird yerlik ən müasir tələblərə cavab verən məktəbin tikintisinə başlanılmasını dövlətin vətəndaşların sosial rifahının yüksəldilməsinə, uşaqların keyfiyyətli təhsil almasına və sağlam böyüməsinə göstərdiyi davamlı diqqətin bəhrəsi kimi dəyərləndiriblər. Onlar görülən bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ən səmimi minnətdarlıqlarını ünvanlayıblar. İcra başçısı səyyar qəbulu yekunlaşdıraraq aidiyyəti məsul şəxslərə fərdi müraciətlərdə səsləndirilmiş məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsini tapşırıb.