23 AVQUST HADİSƏLƏRİNİN İLDÖNÜMÜ QEYD OLUNUB
1993-cü ilin Avqust hadisələrindən 26 il ötür. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə ayağa qalxmış Lənkəran sakinləri tarixi düşmənlərimizin əli ilə respublikamızın ərazi bütövlüyünün parçalanmasına çalışan Ələkram Hümmətovun başçılıq etdiyi qaragürühü darmadağın etmişdilər. O zaman separatçılıq hərəkətlərinə qəti etirazını bildirən əliyalın xalq saxta Talış Muğan Respublikasının elan olunduğu şəhər İcra hakimiyyətinin binasına hücum edərkən sakinlərdən Soltanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyev xain qüvvələrin gülləsinə tuş gələrək şəhid olmuşdular. Mərhum Prezident Heydər Əliyev onların vətən qarşısında şücaətini yüksək qiymətləndirərək hər üçünü Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif etmişdir.
Hadisələrin 26 illiyi münasibətilə Lənkəran şəhərinin Paşa Təhməzov küçəsindəki Qəhrəmanlar Xiyabanında anım tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəsmilərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə 1993-cü ilin Avqust hadisələri zamanı şəhid olmuş Soltanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyevin xatirəsi anılıb, büstləri ziyarət olunaraq önünə tər çiçəklər qoyulub.
Qəhrəmanların tədbirdə iştirak edən ailə üzvləri və doğmaları çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.