Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda birinci yarımilin yekunları müzakirə olunub

09 avqust 2019 | 16:00

 Avqustun 9-da Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda 2019-cu ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədən irəli gələn vəzifələr müzakirə edilib.
İclası giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, cari ilin əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş sosial layihələr paketində nəzərdə tutulmuş tədbirlər ölkəmizdə sosial problemlərin daha operativ həllinə geniş imkanlar yaradıb. Ötən 6 ay ərzində sosial problemlərin həlli, əhalinin rifahının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması sahəsində önəmli addımlar atılıb, əmək haqları, pensiya və müavinətlər bir neçə dəfə artırılıb, zəruri infrastruktur layihələr icra olunub. Natiq görülmüş işlərin təhlilini verərkən bildirib ki, cənab Prezident İlham Əliyevin davamlı qayğısı ilə ötən yarımildə Lənkəran rayonunun da sosial-iqtisadi inkişaf sürətlə  davam edib, tikinti-abadlıq və mədəni quruculuq işləri geniş vüsət alıb. Rayonda ümumi məhsul buraxılışı 1.1 faiz artaraq 199,8 milyon manat təşkil edib. Sənayedə 21.5 milyon manatlıq  məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 1,0 faiz çox olub. Qeyri-dövlət sektorunda sənaye istehsalının həcmi 17 milyon manat olmaqla, ümumi həcmdə onun xüsusi çəkisi 78.9 faiz, sənayedə çalışanların orta aylıq əmək haqqı  isə 27.8 faiz artaraq 389.9 manat təşkil edib. Ümumilikdə 1304 iş yeri açılıb, onlardan 961-i daimi iş yerləri olub. İqtisadiyyatın və sosial sahənin inkişafına  23.6 milyon manat investisiyanın yönəldildiyini, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcminin  22.5 milyon manat təşkil etdiyini önə çəkən İcra başçısı həyata keçirilən tikinti layihələrinin sosial əhəmiyyəti, xüsusilə cənab Prezidentin müvafiq sərəncamları ilə rayonun 5 yaşayış məntəqəsini birləşdirən 11 min nəfər əhalinin yaşadığı 7 km uzunluqda Hirkan-Mamusta-Siyavər kəndlərarası yolun, həmçinin 55 km-lik Lənkəran-Lerik  magistral avtomobil yolunun yenidən qurulmasının, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsinin əhali tərəfindən razılıqla qarşılanması barədə geniş məlumat verib. Natiq qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü ilə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul olunmuş Dövlət Proqramları bu sahələrə marağı daha da artırıb və əkin sahələri dəfələrlə genişlənib.Ənənəvi təsərrufat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar  uzun fasilədən sonra ötən il ilk dəfə olaraq  rayonda barama istehsalına başlanıldığını bildirən İcra başçısı bu il ötən ildən çox,  8.8  ton yüksək keyfiyyətli barama məhsulunun tədarük olunduğunu söyləyib. Ötən 6 ayda şəhərdə və rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işlərinin davam etdirildiyini qeyd edən natiq magistral yollar boyu və şəhərdaxili küçələrdə 18134 kv/m hasar və barıların təmir edilərək suvaqlandığını, 19791  kv/m hissəsinin rəngləndiyini, eyni zamanda şəhərin park və bağlarında 10 min ədəd dekorativ ağac və gül kolunun, 7 min ədəd ağacın əkildiyini, şəhərdaxili yollara 13500 kv/m isti asfaltın döşəndiyini, 8 çoxmənzilli yaşayış binasının dam örtuyünün dəyişdirildiyini bildirib .T.Qaraşov cari ilin ötən 6 ayı ərzində rayonda digər sahələrdə də məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edərək ,növbəti yarımildə də rayonun sosial iqtisadi inkişafının daha da sürətlənəcəyinə əminliyini ifadə edib.  Sonra Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev “ 2019-cu ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədən irəli gələn vəzifələr ” barədə məruzə edib. Müzakirələr zamanı rayon Maliyyə idarəsinin müdiri İ.Rəcəbov, rayon Sosial Müdafiə Mərkəzinin direktoru V.Ağayev və rayon Məşğulluq Mərkəzinin direktoru R.Höccətov çıxış ediblər. Yığıncağın sonunda İcra başçısı rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə ölkə Prezidenti tərəfindən təltif olunmuş bir qrup şəxsə fəxri mükafatlar təqdim olunub.

 

Keçidlər