Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ” TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

04 dekabr 2012 | 16:00

Dekabrın 3-də əzəmətli “Şah” sarayı lənkəranlı əlillərin ixtiyarına verilmişdi. Həmin gün burada Beynəlxalq Əlillər Günü qeyd edilirdi.
Sarayın foyesində təşkil edilmiş əlillərin əl işlərindən ibarət sərgi buraya gələnlərin və tədbir iştirakçılarının hədsiz marağına səbəb oldu.
Şirniyyat stolu arxasında təşkil edilən bayram şənliyinə şux, oynaq melodiyaların sədaları altında başlandı. İlk olaraq gənc müğənni Qoşqar Məmmədlinin ifasında səslənən mahnı tədbirə xüsusi rövnəq qatdı. Bayram şənliyini Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rafael Tahirov açaraq Beynəlxalq Əlillər Gününün ilk dəfə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə qeyd olunduğunu diqqətə çatdırdı. R.Tahirov daha sonra əlavə etdi ki, hazırda Mərkəzin qeydiyyatında 13 min 166 nəfər əlil vardır. Onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bugünkü tədbir zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təşəbbüsü ilə Respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 əlil arabası hədiyyə edilmişdir. Mərkəzin direktoru bu münasibətlə nazir Füzuli Ələkbərova və İcra başçısı Taleh Qaraşova onlara göstərdikləri diqqət və qayğıya görə lənkəranlı əlillər adından minnətdarlığını bildirdi.
Sonra təbrik üçün söz Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimova verildi. İcra rəsmisi tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun təbriklərini çatdırdı və əlavə etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hazırda hər bir əlilə xüsusi diqqət və qayğı göstərir. Əlillərin sosial şəraitinin yaxşılaşdırılması respublikamızda olduğu kimi Lənkəranda da daim diqqət mərkəzindədir. Şəhər İcra Hakimiyyətində onların hər müraciətinə həssaslıqla yanaşılır. Bundan sonra bu diqqət daha da artırılacaq.
Sonra İ.Rəhimov İcra başçısının adından bir qrup əlilə pul mükafatlarını təqdim etdi.
Daha sonra 8 nəfərə əlil arabası təqdim olundu.
Qadın Əlillər Cəmiyyəti Lənkəran rayon Şöbəsinin sədri Gülarə Hadıyeva, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyəti Lənkəran rayon Şöbəsinin sədri Əbülfət Əliyev çıxış edərək əlillər adından minnətdarlıqlarını xoş sözlərlə ifadə etdilər.
Rayonumuzun incəsənət ustalarından İlqar Əliyevin, Nəzakət Veysəlovanın, Əhməd Kərimovun, Mais Hüseynağa oğlunun, Pərişan Bayramlının , Rəşad Tağıyevin ifalarında səslənən şux, oynaq musiqi təranələri bütün tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.
Gözdən əlil Pərviz Məmmədlinin qarmonda ifa etdiyi melodiya hamını duyğulandırdı.
Bayram şənliyində əlillərlə İcra Aparatının rəsmiləri və digər dəvət olunanlar birlikdə rəqs etdilər, şirniyyat stolu arxasında xoş anlar keçirdilər.
 

Keçidlər