Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
22 iyun 2019-cu il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra başçısı aparatının kollektivi, rayonun ərazi İcra nayəndəliklərində və ayrı-ayrı təşkilatlarında çalışan dövlət qulluqçuları Heydər Əliyev xatirə parkına gəlib Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər. Sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib. İcra başçısı Taleh Qaraşov tədbiri açaraq BMT-nin təşəbbüsü ilə 2003-cü ildə təsis olunmuş dövlət qulluqçularının peşə bayramının Azərbaycanın da ictimai-siyasi həyatında əlamətdar hadisə kimi artıq 13-cü dəfə qeyd olunduğunu diqqətə çatdırıb. Bayram münasibətilə dövlət qulluqçularını təbrik edən natiq Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında dövlət qulluqçularının böyük əməyi olduğunu, öhdələrinə düşən vəzifələrin icrasında səylə çalışdıqlarını, vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etdiklərini bildirib. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunu” bu məsul sahədə çalışan qulluqçuların səmərəli fəaliyyəti üçün geniş imkanlar açıb. Rayonda çalışan dövlət qulluqçuları da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsindən ötrü səylə çalışırlar. Onların iş və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına, təhsilinin artırılmasına və təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərilir, işdə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən daim diqqət yetirilir. Sonra İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevə məruzə edib, İcra aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Seyidzadə Şəfiyeva və kadr məsələləri üzrə baş məsləhətçi Fazil Əkbərov çıxış edib həmkarlarını bayram münasibətilə təbrik ediblər. Sonda işdə fərqlənən bir qrup dövlət qulluqçusuna şəhər İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.