İCRA BAŞÇISININ HAVZAVA KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü noyabrın 30-da Havzava kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Qurban Quliyev məlumat verdi ki, Havzava kəndi rayon mərkəzindən 22 kilometr aralıda yerləşir, kəndin əhalisi 2200 nəfərdir. Onların əsas məşğuliyyəti tərəvəzçilik, heyvandarlıq və arıçılıqdır.
Havzava bələdiyyəsinin sədri Atif Əzizov kənddə aparılan abadlıq, səliqə-səhman işləri barədə məlumat verdi, bələdiyyə xətti ilə keçirilən bir sıra tədbirlər haqqında danışdı.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək arzu və təkliflərini söylədilər.
Kənd dini icmasının sədri İltifat Həsənov kənddə yeni transformatora ehtiyacın olduğunu, arıçılığın inkişaf etdirilməsi barədə təkliflərini bildirdi, hazır məhsulu satmaqdan ötrü yarmarkaların təşkilinə ehtiyacın olduğunu qeyd etdi.
Kənd orta məktəbinin müəllimi İldırım Şükürzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti hamılıqla dəstəklədiklərini vurğuladı, 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində həmişəki kimi fəal iştirak edəcəklərini söz verdi, bütün kənd sakinlərinin cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini əminliklə söylədi.
İ. Şükürzadə daha sonra Lənkəranda İcra başçısı Taleh Qaraşovun rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işlərinin hamının ürəyincə olduğunu diqqətə çatdırdı, sonda kənddə poçt şöbəsinin binaya ehtiyacı olduğunu qeyd etdi.
Kəndin ziyalısı Eynulla Mənsimov kənddə təbii qazın bərpa edilməsinin vacibliyindən söz açdı.
Sonra bir sıra kənd sakini şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər, kənddə uşaq bağçasının olmadığını diqqətə çatdırdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhali ilə yerlərdə keçirilən belə səyyar qəbul-görüşlərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı, əhalinin arzu və təkliflərinin onun fəaliyyətində mühüm yer tutduğunu xüsusi qeyd etdi.
İcra başçısı cənab Prezident İlham Əliyevin vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi mühüm vəzifələrdən danışdı, dövlət büdcəsinin sosial yönümlü olduğunu diqqətə çatdırdı, sosial və infrastruktur layihələrinin ardıcıl həyata keçirildiyini söylədi.
Sosial-iqtisadi inkişafın Azərbaycan modelinin dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olduğunu, dünyanın inkişaf etmiş 51 dövləti arasında Azərbaycanın 8-ci yerdə olduğunu, Azərbaycanın iqtisadi rəqabətə görə MDB məkanında birinci yerdə olduğunu fərəhlə bildirdi.
İcra başçısı həmçinin əlavə etdi ki, 1 milyon məcburi qaçqın və köçkünümüzün olmasına, 20 faiz torpaqlarımızın düşmən tapdağında olmasına baxmayaraq Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf yolundadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin ana xəttini Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmaq təşkil edir. Hər bir Azərbaycan vətəndaşının xoşbəxt və firavan yaşaması üçün dövlət başçısı tərəfindən ən zəruri proqramlar və layihələr həyata keçirilir.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həllini tapacağını bildirdi, ərazidə yeni transformatorun təcili quraşdırılması üçün müvafiq qurumlara konkret tapşırıqlarını verdi.