Taleh Qaraşov səyyar qəbul-görüşlərini ucqar dağ kəndlərində davam etdirir
Lənkəran ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərini ucqar dağ kəndlərində davam etdirir. Başçının növbəti səyyar qəbul-görüşü 19 iyun 2019-cu il tarixdə rayonun ucqar dağ kəndlərindən olan Biləsərdə keçirilib. Şəhər İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılaraq həllindən ötrü tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan razılıqlarını ifadə edən sakinlər Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər. Onlar vaxtlı-vaxtında maaşların, pensiya və müavinətlərin artırılmasına, minimum əmək haqqının növbəti dəfə artırılaraq 250 manata çatdırılmasına və xüsusilə sakinlərin istifadə etdiyi yeganə nəqliyyat xətti olan Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun əsaslı təmir olunmaqla asfaltlanmasına və inzibatı ərazi dairəsinə daxil olan Alazəpin kəndində qəzalı vəziyyətdə olan məktəb üçün təzə modul tipli məktəbin tikilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə ediblər. Çıxışlarda şəhər İcra hakimiyyəti başçısının vətəndaş müraciətlərinə göstərdiyi həssas münasibət xüsusi qeyd olunmaqla yuxarıda göstərilən yeniliklərin məhz bu diqqətin bəhrəsi olduğu xüsusi vurğulanıb. Onlar eyni zamanda Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün gözəl şərait yaratdığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, aqrar sahədə çalışan sahibkarlara tətbiq olunan güzəştlər, verilən subsidiyalar ölkə Prezidentinin əvəzsiz qayğısı kimi hər bir sakini öhdəsində olan torpaq sahəsindən səmərəli istifadə etməyə həvəsləndirdiyindən təsərrüfatlardan bol məhsul yığılıb, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayı çoxalıb, sakinlərin gəlirləri artıb, maddi vəziyyətləri veyli yaxşılaşıb. Görüşə görə təşəkkürlərini bildirən sakinlər ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti tamamilə dəstəklədiklərini bildiriblər.
Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə də bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.