Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: Mənəviyyata həsr edilmiş ömür” mövzusunda konfrans keçirilib
8 iyun 2019-cu il tarixdə Lənkəran şəhərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin qeyd olunması barədə 9 aprel 2019-cu il tarixli Prezident şərəncamı ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şeyxülislam Allahşükür Paşazadə-70: Mənəviyyata həsr edilmiş ömür” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildirmək üçün Heydər Əliyev parkına gəlib Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzüblər. Sonra Xəzər dənizi sahilində yerləşən “Xəzər palace” isrtirahət mərkəzinin konfrans zalında konfrans işinə başlayıb. Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Taleh Qaraşov şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti barədə geniş məlumat vermişdir. Natiq müasir dünyanın görkəmli ictimai xadimi, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın yorulmaz təbliğatçısı kimi tanınan şeyxulislam Hacı Allahşükür Paşazadənin Lənkəran torpağında doğulub boya-başa çatdığını və Ulu Öndərin yaxından qayğısı ilə şeyxülislam səviyyəsinə yüksəldiyini, Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəm əsaslar üzərində qurulmuş sabit dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsi, din sahəsində vəhdətin, tolerant münasibətlərin və dinlərarası dialoqun təmin olunması üçün yüksək sədaqət hissi ilə çalışdığını, milli mənəvi dəyərlərin qorunmasıhda əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb. İcra başçısı Allahşükür Paşazadənin ən ağır vaxtlarda belə əsil vətənpərvər kimi həmişə xalqının yanında olduğunu bildirərək onun ibrətamiz, nümunəvi vətəndaşlıq mövqeyini xüsusi qeyd edərək onun 70 illik yubileyinin və şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin yüksək səviyyədə qeyd olunması barədə prezident sərəncamının lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BDU-nun tarix kafedrasının müdiri, professor, QMİ Dini Şurasının üzvü Anar İsgəndərov Hacı Allahşükür Paşazadənin şeyxülislam kimi ictimai fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məruzə ediblər. Sonra Milli Məclisin Əmək və Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin üzvləri Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, QMİ-nin qazisi Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov çıxış edib Allahşükür Paşazadənin şeyxülislam kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirakı, dünyada və Qafqazda milli və dini münasibətlərin yaxşılaşması, xalqlar arasında tolerantlığın, multikultural dəyərlərin təbligi sahəsindəki səmərəli fəaliyyətindən söz açıblar.
Konfransda çıxış edən Hacı Allahşükür Paşazadə onun fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və konfrans iştiralçılarına minnətdarlığını bildirib.
Sonda konfrans iştirakçıları və Lənkəran ictimaiyyəti nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.