Lənkəranda 1 İyun- uşaqların beynəlxalq müdafiəsi günü qeyd olunub
İyunun 1-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində 1 İyun- uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş şənlik keçirilib. Şənlikdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla görüşlərindən kadrları əks etdirən süjet nümayiş etdirilib. Rayonun ümumtəhsil məktəbləri şagirdlərinin, uşaq bağçalarının körpə fidanlarının və uşaq musiqi məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən şən mahnı və rəqsləri tədbir iştirakçıları alqışlarla qarşılayıblar. Şənlikdə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov uşaqları bayram münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıb. İcra başçısı rayonda keçirilən tədbirlərdə yaxından iştirak edən bir qrup istedadlı uşağa şəhər İcra hakimiyyətinin Fəxri fərmanlarını və hədiyyələr təqdim edib.
1 İyun- uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Heydər Əliyev xatirə parkında, uşaq evində, orta ümumtəhsil məktəbləri və uşaq bağçalarında uşaqlar üçün rəngarəng tədbirlər keçirilib.