Lənkəran Şəhər İcra Hakimiyyətində aparat müşavirəsi
22 may 2019-cu il tarixdə Lənkəran ŞİH-də rayonda abadlıq-quruculuq sahəsində görülən işlər, kənd təsərrüfatında və baramaçılığın inkişafında həyata keçirilən tədbirlərlə bağlı aparat müşavirəsi keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, İcra nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə İcra başçısı Taleh Qaraşov geniş nitq söyləyərək ölkədə siyasi sabitliyin möhkəmlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifah-halının durmadan yaxşılaşdırılması istiqamətində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrələri barədə ətraflı məlumat verib. Natiq qeyd edib ki, radikal müxalifətin və onların xarici havadarlarının təxribatçı əməllərinə, böhtan, şər kompaniyalarına baxmayaraq Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir, dünyada nüfuzu artır. Ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyi getdikcə möhkəmlənir. Əhaliyə göstərilən dövlət qayğısı hər bir ailənin sosial rifahını yüksəldir. Cənab Prezidentin davamlı diqqəti və qayğısı ilə ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində böyük uğurlar qazanılır. Rayonun ictimai-siyasi həyatında baş verən müsbət tendensiyaların bütün sahələrdə olduğu kimi quruculuq-abadlıq sahəsində və aqrar sektorda da işlərin uğurlu gedişinə əlverişli imkanlar yaradığını önə çəkən natiq göstərilən sahələrdə qazanılan yüksək nəticələri həyata keçirilən sosial siyasətin bəhrəsi olduğunu diqqətə çatdırıb. İcra başçısı yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan obyektlərdə tikinti işlərinin vəziyyəti barədə danışaraq bu işlərin daha da sürətləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda natiq aqrar sahədəki işlər barədə də danışaraq rayonda çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair həyata keçirilən 3 dövlət proqramının icrasında qarşıda duran vəzifələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmaqla mövcud imkanlardan və yem bazasından səmərəli istifadə etməklə rayonda baramaçılığın inkişafının iqtisadi əhəmiyyəti barədə fikirlərini söyləyərək müvafiq tövsiyyə və tapşırıqlarını verib. İcra başçısının birinci müavini M.Babayev və digər natiqlər çıxış edib Lənkəran şəhərində və rayon ərazisində aparılan abadlıq , səliqə-sahman işləri və buraxılış obyektlərinin tikinti işlərinin vəziyyəti barədə məlumat veriblər.