LƏNKƏRANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNUB
Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunub. Bu münasibətlə Mayın 10-da səhər saatlarından Ulu Öndərin adını daşıyan xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzməklə dahi rəhbərə hörmət və ehtiramını bildirib. Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivlərinin üzvləri, tələbələr, gənclər Ümummilli Liderin abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb dahi rəhbərə məhəbbətlərini ifadə ediblər.
Ümumxalq ziyarətindən sonra İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Daha sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş toplantı keçirilib və Ulu Öndərin milli dövlətçiliyin xilası və Azərbaycan xalqının xoşbətliyi naminə həyata keçirdiyi möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.
Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə Ümummilli Liderin imzasını əks etdirən flaşmobun nümayişi və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.