20 İLLİK FASİLƏDƏN SONRA GƏRMƏTÜK VƏ HİRKAN QƏSƏBƏLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ
Noyabrın 27-də Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qaz verildi. 20 illik fasilədən sonra Gərmətük və Hirkan qəsəbə sakinlərinin intizarına son qoyuldu. Bu münasibətlə hər iki qəsəbədə təntənəli açılış mərasimləri keçirildi.
Saat 16 radələrində Gərmətük qəsəbəsindəki Naməlum Əsgərin Abidəsi önündə böyük qələbəlik var idi. Qəsəbə sakinlərinin üzündə sevinc nişanələri duyulurdu. Bu, təbii idi. Axı, onların 20 illik təbii qaz həsrəti nəhayət həmin gün sona çatdı.
Bu münasibətlə keçirilən mitinqi Lənkəran ŞİH başçısının Gərmətük inzibati ərazi dairəsində nümayəndəsi Vadim Qasımov açaraq, qəsəbə sakinlərinin sevincini bölüşdü, onların adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq duyğularını ifadə etdi.
Qəsəbə sakinlərindən Sərhad Məmmədov, Baloğlan İbadov və Mirşahbəyim Həsənova çıxış edərək sevinclərini xoş sözlərlə dilə gətirdilər, Azərbaycan Prezidenti İlham Əliyevə, İcra başçısı Taleh Qaraşova, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə və bu işdə zəhməti olan tikinti işçilərinə dərin minnətdarlıqlarını bildirdilər.
Təbrik üçün söz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verildi. O dedi:
- Bu gün qəsəbə sakinlərinin həyatında çox əlamətdar bir gündür. Bu gün arzuların reallaşdığı gündür. Bu, cənab Prezident İlham Əliyevin siyasətinin bəhrələridir. Dövlət başçımızın siyasəti iki əsas xətt üzrə inkişaf edir. Birincisi, Azərbaycanı qüdrətli dövlətə çevirmək, ikincisi hər bir azərbaycanlının həyat səviyyəsini daha da yaxşılaşdırmaq. Bundan sonra belə açılışların sayı çox olacaq. Yeni-yeni məktəblərin, mədəniyyət ocaqlarının, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin açılışlarına toplaşacağıq.
İcra başçısı daha sonra möhtərəm Prezident İlham Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı dörd sərəncamın xüsusi əhəmiyyətindən danışdı, Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən bəhs etdi, lənkəranlıların Ümummilli Lider Heydər Əliyevin ideyalarına bundan sonra da daim sadiq qalacaqlarını əminliklə vurğuladı.
Taleh Qaraşov sonda qəsəbəyə təbii qazın verilməsi münasibətilə hamını təbrik etdi, təbii qazdan yalnız xeyir işlərdə və şənliklərdə istifadə etməyi arzuladı.
Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov təbrik nitqində qəsəbə sakinlərinə ən səmimi və xoş arzularını bildirdi, 2009-2013-cü illərə dair Dövlət Proqramının uğurla icra olunmasından danışdı, Lənkəranda həyata keçirilən yenidənqurma işlərindən bəhs etdi, möhtərəm Prezidentimiz İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi üçün qlobal tədbirlər həyata keçirdiyini diqqətə çatdırdı.
V.Bağırov sonda təbii qazdan səmərəli istifadə etməyi tövsiyə etdi, bütün evlərdə “mavi alov”un hərarətindən isinməyi arzuladı.
Sonda T.Qaraşov və V.Bağırov təbii qazın açılışını bildirən rəmzi məşəli alovlandırdılar.
Qeyd edək ki, Gərmətük qəsəbəsində 1250 nəfər abonent vardır, ərazidə 30 min 460 metr boru xətti yenilənib, ilkin olaraq 470 mənzilə təbii qazın verilişi bərpa edilib, mənzillərə 600 sayğac quraşdırılmışdır.
Noyabrın 27-də Hirkan qəsəbəsində də əhaliyə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
Bu münasibətlə keçirilən mitinqi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Hirkan ərazi dairəsində nümayəndəsi Mehman Xəlilov açaraq bütün sakinlər adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Çıxış edən qəsəbə sakinlərindən Məmməd Salayev, Firuzə Rəhimova və Adil Kərimov sevinclərini bölüşdülər, ilk növbədə ölkə rəhbərinə, İcra başçısı Taleh Qaraşova və bu işdə zəhməti olanların hamısına ən səmimi ürək sözlərini çatdırdılar.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə bütün qəsəbə sakinlərini təbrik edərək bildirdi ki, sizin simanızda sevinc nişanələri vardır. Bu sevinci sizə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyevdir.
İcra başçısı sonra cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətdən danışaraq qeyd etdi ki, ölkəmizdə aparılan yeni-yeni islahatlar, həyata keçirilən layihələr Azərbaycanın uğurlarını gündən-günə artırır. Ölkə başçısının apardığı bu siyasət nəticəsində yeni iş yerləri açılır, yeni sosial obyektlər tikilir, Lənkəranda da bu istiqamətdə böyük layihələr həyata keçirilir. Bir sözlə, Lənkəran hazırda böyük tikinti meydançasına çevrilmişdir. 2013-cü ildə bu işlərin miqyası daha da genişləndiriləcək, şəhərin, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzində olacaq.
Mərasimdə iştirak edən Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov hamıya bayram təbriklərini çatdırdı, ölkəmizin hər yerində irimiqyaslı işlərin həyata keçirildiyini, bunun Lənkəranın timsalında da açıq-aydın göründüyünü söylədi.
V.Bağırov çıxışının sonunda arzu etdi ki, bu məşəl mənzillərdə əbədi yansın, təbii qazdan yalnız xeyir işlərdə işlədəsiniz.
Sonda T.Qaraşov və V.Bağırov rəmzi məşəli alovlandırdılar.
Məlumat üçün bildirək ki, ərazidə 358 abonent təbii qazla təmin edilmiş, mənzillərə 14 min 750 metr polietilen boru xətti çəkilmişdir.