LƏNKƏRANDA 2018-ci ilin YEKUNLARI MÜZAKİRƏ OLUNUB
Fevralın 5-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputat Rüfət Quliyev və iştirak edib.
İclasdan əvvəl İcra başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilib.
İclasda İcra başçısı T.Qaraşov “2018-cı ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” geniş hesabat məruzəsi ilə çıxış edib.
Natiq məruzəsində 2018-ci ildə ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafın uğurla davam etdiyini, gələcək inkişaf üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
İcra başçısı ötən ilki prezident seçkilərini və cənab Prezidentin fəaliyyətinin 15 ilinin tamamında Lənkərana növbəti səfərini 2018-ci ilin ən əlamətdar hadisələri kimi dəyərləndirərək bildirib ki, cənab Prezidentin açılışını etdiyi Olimpiya İdman Kompleksi, Xalça fabriki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu, baxış keçirdiyi Lənkəran İstisu Sağlamlıq Mərkəzi, yeni istifadəyə verilmiş Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq laboratoriyası, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, Lənkəran-2 Elektrik Yarımstansiyası ötən 15 il ərzində rayonun sürətlə artan iqtisadi potensialına növbəti töhfələr olub.
Natiq qeyd edib ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 450,9 milyon manata çatıb. Əvvəlki ilə nisbətən 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayedə çalışanların orta aylıq əmək haqqı isə 306 manat təşkil edib.
Məruzədə hesabat ilində tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcminin 129,8 milyon manat olduğu, bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına rayonda ümumi sahəsi 31,4 min kv/metr olan yeni yaşayış evlərinin tikilib istifadəyə verildiyi vurğulanıb. Bildirilib ki, 2018-ci ildə rayona ümumi layihə dəyəri 115 milyon 755 manat məbləğində özəl investisiya cəlb olunub, 60 milyon manat məbləğində investisiya sərf edilib, bunun da 3 milyon manatını xarici investisiyalar təşkil edib.
İcra başçısı ötən il rayonda ümumilikdə 3360 yeni iş yerinin açıldığını, onlardan 2754-nün daimi iş yerləri olduğunu diqqətə çatdırıb.
Məruzədə yaşayış məntəqələrinin kütləvi qazlaşdırılması, elektik təsərrüfatının müasirləşdirilməsi, yeni su xəttlərinin çəkilməsi hesabına əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının xeyli yaxşılaşdığını önə çəkib.
İcra başçısı ötən il aqrar sahədə də işlərin uğurla davam etdiyini, 105,1 milyon manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunduğunu və bunun 2017-ci ilə nisbətən 1,1 faiz çox olduğunu vurğulayaraq rayonda çəltikçiliyin inkişafına göstərilən dövlət qayğısının torpaq sahiblərində bu sahəyə marağı artırdığını qeyd edib. Ötən il 826 hektarda çəltiyin əkildiyini, bunun 2017-ci illə müqayisədə 300 hektar çox olduğunu bildirən natiq cari ildə çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılacağının nəzərdə tutulduğunu və yığılacaq məhsulun emalı üçün müasir tipli 3-cü çəltik zavodunun da artıq istifadəyə verildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ötən Separadi kəndində 92 min ağacın əkildiyi yeni sitrus bağı, Osakücə kəndiində 50 hektara çatdırılmış çay plantasiyası aqrar sahədə işi genişləndirməklə yanaşı əlavə iş yerlərinin də açılmasına səbəb olub.
Məruzədə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ötən ildən başlayaraq uzun fasilədən sonra ilk dəfə olaraq rayonda barama istehsalına başlanıldığı və 3,7 ton yüksək keyfiyyətli barama istehsal edildiyi də əksini tapıb.
Ötən ilin sonlarında çoxlu qonaqların, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin və turistlərin iştirak ilə keçirilən ikinci ənənəvi “Çay, çəltik, sitrus festivalı”nın gələcək uğurlara çağırış kimi lənkəranlıları yeni zəfərlərə ruhlandırdığını söyləyən natiq 2019-2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair yeni 4-cü Dövlət Proqramına əsasən Lənkəran rayonunda da sosial yönümlü layihələrin icra olunacağını, tikinti-abadlıq işlərinin geniş vüsət alacağını diqqətə çatdırıb.
Məruzə ətrafında çıxış edən natiqlər ötən il qazanılan uğurları sadalamaqla rayonun sosial-iqtisadi inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub və Prezident İlham Əliyevə müraciət ünvanlanıb.