TÜRKİYƏ CÜMHURİYYƏTİNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ LƏNKƏRANDA
24 noyabr 2012 | 16:00
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyi iki ölkə arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirmək, mədəniyyət və kültür əlaqələrini dərinləşdirməyi əsas məqsədlərdən biri sayır. Səfirlik bu məqsədlə əhali arasında müxtəlif icmaları təmsil edən ziyalılarla, ictimai fəallarla və gənclərlə mütəmadi olaraq görüşlər keçirməyi planlaşdırmışdır.
Belə görüşlərdən biri Türkiyənin Dövlət kanalı TRT, Anadolu Dövlət Agentliyi, İhlas və Cihan Xəbər Agentliklərinin təmsilçiləri ilə birlikdə “Lənkəran Turizm İnformasiya Mərkəzi”nin dəvəti ilə cari ilin noyabr ayının 23-24 tarixlərində Lənkəran şəhərində keçirilmişdir.
Noyabrın 23-də Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyidəhməd Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşü olmuşdur. ŞİH-nin konfrans zalında nümayəndə heyətini qəbul edən İcra başçısı iki qardaş ölkə arasında əlaqələrin gündən-günə daha da möhkəmləndiyini bildirmiş, nümayəndə heyətinə Lənkəranın tarixi, onun mədəniyyəti və iqtisadiyyatı ilə bağlı ətraflı məlumat vermişdir.
Səfirin müşaviri Seyidəhməd Arslan səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirmiş, Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyini inamla vurğulamış, Lənkəranın güclü turizm potensialına malik olduğunu diqqətə çatdırmış, belə gözəl diyarda yaşayıb işləməyin xoş olduğunu xüsusi fərəh hissi ilə söyləmişdir.
Görüşün sonunda S.Arslan İcra başçısına Türkiyə Səfirliyi adından xatirə hədiyyəsini təqdim etmişdir.
Eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qonaqlara yüksək keyfiyyətli Lənkəran çayı hədiyyə edilmişdir.
İki gün ərzində Lənkərana ziyarət zamanı Türkiyənin bölgələri Lənkəran ziyalılarına tanıdılmış, eyni zamanda Lənkəran bölgəsinin də Türkiyədə tanıdılması haqqında informasiya mübadiləsi aparılmış, Lənkəran şəhər Mərkəzi Kitabxanasına müxtəlif məzmunlu – elmi, ensiklopedik, bədii, tarixi və s. kitablar hədiyyə edilmişdir.
Səfər çərçivəsində səfirliyin nümayəndələri Cənub bölgəsinin təbiəti, tarixi yerləri, mədəniyyəti ilə yaxından tanış olmuşlar.