İcra başçısı Lənkəran şəhərinin sakinləri ilə görüşüb
Yanvarın 30-da İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Lənkəran şəhər sakinləri ilə keçirib.
İcra hakimiyyəti başçısı aparatı rəsmilərinin və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbul zamanı sakinlər Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildirərək son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin icrasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını, maaşların, təqaüd və müavinətlərin artırılmasını ölkə başçısının xalqa diqqəti və qayğısı kimi dəyərləndiriblər. Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsi, şəhərdə 200 nəfər qadının daimi işlə təmin olunduğu xalça fabrikinin, Olimpiya İdman Kompleksinin, müasir avadanlıqlarla təchiz olunmuş elektrik yarımstansiyasının tikilib istifadəyə verilməsi, şəhərin küçələrinin asfaltlanması, xüsusilə qış mövsumu ərəfəsində çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin tamamilə yenidən qurulmasını, digər təmir-bərpa işlərini bu diqqətin bəhrəsi olduğunu və bütün bu işlərə görə ölkə başçısına minnətdar olduqlarını diqqətə çatdırıblar. Eyni zamanda sakinlər cənab İlham Əliyevin oktyabr ayının 15-də ilk dəfə prezident seçilməsinin 15 illiyinin tamamında Lənkərana səfərini, bu səfər zamanı sakinlərlə və xalça fabrikinin əmək kollektivi ilə mehribancasına görüşlərini lənkəranlılara hörmətin, ehtiramın nümunəsi olduğunu bildiriblər.
Görüşdə çıxış edən İcra başçısı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının uğurla başa çatdığını qeyd edərək artıq 4-cü Dövlət Proramının qəbul olunduğunu və icrasına başlanıldığını diqqətə çatdırıb. Natiq yeni Dövlət Proqramı çərçivəsində Lənkəran şəhərinin və ümumilikdə rayonun sosial-iqtisadi inkişafı sahəsində yeni-yeni layihələrin reallaşacağını, quruculuq-abadlıq işlərinin geniş vüsət alacağını qeyd edib.
Sonda İcra başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.